Qubadlı əməliyyatı Şuşa Zəfərinə aparan mühüm mərhələ

Vətən müharibəsinin gedişində əldə edilən hər bir qələbə Azərbaycanın ümumi hərbi strategiyasının həyata keçirilməsində mühüm rol oynayırdı. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin strateji mövqeyi və ətraf ərazilərdəki yollar üzərində nəzarətin gücləndirilməsi Ordumuzun sonrakı istiqamətlərdə irəliləməsi üçün yeni imkanlar yaratdı.
Prezident İlham Əliyev müharibə dövründə hərbi vəzifələrin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycanın siyasi mövqeyinin beynəlxalq aləmdə müdafiəsinə də xüsusi diqqət yetirirdi. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz döyüş meydanında qazandığı uğurları diplomatik müstəvidə də möhkəmləndirməyə çalışırdı. Qubadlı əməliyyatı həmin ümumi strategiyanın mühüm tərkib hissəsi idi.
Cəbrayıl və Zəngilan istiqamətlərindəki uğurlardan sonra Azərbaycan Ordusu Qubadlı rayonunun ərazisində irəliləyişini davam etdirdi. Oktyabrın 23-də bir sıra kəndlərin, oktyabrın 25-də isə Qubadlı şəhərinin və digər yaşayış məntəqələrinin azad olunması düşmənin müdafiə sisteminə ciddi zərbə vurdu. Əməliyyatlar hərbçilərimizin çevikliyini və peşəkarlığını nümayiş etdirdi.
Qubadlıdan sonra Azərbaycan Ordusunun Laçın istiqamətində irəliləməsi üçün əlverişli şərait yarandı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin həlledici nəticələrindən biri oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlı əməliyyatı Şuşanın azad olunmasına aparan yolda böyük əhəmiyyət daşıyırdı. Bu ardıcıllıq hərbi əməliyyatların strateji əlaqəsini aydın göstərir.
Qubadlı bu gün təkcə hərbi qələbənin deyil, həm də quruculuq və dirçəlişin rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda yaşayış məhəllələri, məktəb binaları və mühüm infrastruktur obyektləri inşa olunur. Qubadlının inkişafı işğaldan azad edilmiş ərazilərin bərpası siyasətinin və Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



