Gündəm

YAP və VKP-nin gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Vyetnamda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin Vyetnam Kommunist Partiyası Ho Şi Min Kommunist Gənclər İttifaqının katibliyinin katibi Nquen Tıonq Lam ilə görüşü keçirilib.

Victorytime.az xəbər verir ki, görüşdə hər iki ölkədə həyata keçirilən gənclər siyasətindən, o cümlədən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs olunub. Azərbaycan və Vyetnam gəncləri arasında təmasların sıxlaşdırılmasının vacibliyi vurğulanıb.

Nquen Tıonq Lam partiyasının gənclər təşkilatı ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi arasında əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib. O, hər iki partiyanın gənclər qolları arasında görüşlərin və ortaq layihələrin təşkilinin əhəmiyyətini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda həyata keçirilən gənclər siyasəti və Yeni Azərbaycan Partiyasının bu istiqamətdə məqsədyönlü fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, iki dost ölkənin gəncləri Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmindədirlər. B.İslamov Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında imzalanan Əməkdaşlıq Sazişinin icrasının hər iki partiyanın gəncləri arasında əlaqələri gücləndirəcəyinə əminliyini bildirib.

Görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb və müvafiq təkliflər diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

Back to top button