
Diplomatiya dövlətin milli maraqlarının beynəlxalq müstəvidə müdafiə olunmasının və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əsas vasitələrindən biridir. Müasir dövrdə diplomatik uğur siyasi dialoqun düzgün qurulması, beynəlxalq hüquqa əsaslanan mövqenin müdafiəsi və qarşılıqlı faydalı təşəbbüslərin irəli sürülməsi ilə sıx bağlıdır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxşaxəli və müstəqil diplomatik siyasət həyata keçirir.
Böyük Britaniya ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın diplomatik əlaqələrinin inkişafı baxımından mühüm hadisədir. Sənəd iki ölkə arasında uzunmüddətli münasibətləri yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirir və siyasi dialoqun daha sistemli şəkildə davam etdirilməsinə zəmin yaradır.
Bəyannamədə beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi və çoxtərəfli platformalarda əməkdaşlıq niyyətinin təsdiqlənməsi diplomatik münasibətlərin əhatə dairəsini genişləndirir. Bu, tərəflərin ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmasına və beynəlxalq təşəbbüslərdə qarşılıqlı fəaliyyət imkanlarını araşdırmasına şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsas götürülür.
Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığı diplomatik əlaqələrin yeni imkanlarını nümayiş etdirir. Bu münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə və ölkəmizin qlobal proseslərdə fəal iştirakının genişlənməsinə xidmət edir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



