
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər partiya üzvləri iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl islahatların, iqtisadi inkişafın sürətləndirilməsi, dövlət idarəçiliyində səmərəliliyin artırılması və milli maraqların qorunması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin uğurla həyata keçirilməsi partiya üzvlərinin üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması xüsusi əhəmiyyət daşıyır. Həmçinin əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, dövlət siyasətinin əsas istiqamətlərinin izah olunması və ölkəmizin qarşısında duran strateji hədəflərin reallaşdırılmasında hər bir partiya üzvünün fəal iştirakının vacibliyi qeyd edilib.
Sonda YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələrin icrası, partiya fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar ölkəmizin davamlı inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə töhfə verməyin vacibliyini vurğulayıblar.




