AnalitikaGündəmSiyasətSosial

Vahid Məktəbli Forması: Bərabərlik, İntizam və Sağlam Məktəb Mühiti

Azərbaycanda ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin edilməsi və təlim-tərbiyə mühitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Məktəb illəri hər bir fərdin həyatında yalnız bilik və bacarıqların qazanıldığı dövr deyil, həm də sosial davranış qaydalarının, intizamın və daxili mədəniyyətin formalaşdığı mühümdür. Məhz bu səbəbdən dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da ümumi təhsil müəssisələrində vahid məktəbli forması tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən geyim formaları təhsil sistemində vahid standartların formalaşdırılmasına xidmət edir.

Vahid məktəbli formasının əsas üstünlüklərindən biri şagirdlər arasında sosial bərabərliyi və psixoloji rahatlığı təmin etməsidir. Məktəblilər müxtəlif sosial-iqtisadi imkanlara malik ailələrdən gəlirlər. Vahid geyim şagirdlər arasında geyimə görə yarana biləcək fərqliliyi və kənarlaşmanı aradan qaldırır. Bu, uşaqların diqqətini geyim yarışından yayındıraraq tam olaraq dərslərinə və şəxsi inkişafına yönəltməyə kömək edir.

Bununla yanaşı, vahid geyim şagirdlərdə məktəbə mənsubluq ruhunu və məsuliyyət hissini artırır. Tədqiqatlar göstərir ki, vahid formada olan şagirdlər məktəb mühitində özlərini daha intizamlı aparır və tədris prosesinə daha asan uyğunlaşırlar. Eyni zamanda, hər gün fərqli geyim seçmək məcburiyyətində qalmamaq ailələr üçün həm vaxta, həm də maliyyə resurslarına qənaət deməkdir. Təsdiqlənmiş keyfiyyətli və uzunömürlü formalar valideynlərin hər mövsüm yeni geyimlər almaq yükünü yüngülləşdirir.

Hazırda tətbiq edilən vahid məktəbli formaları şagirdlərin rahatlığı, fəsil dəyişiklikləri və gigiyenik tələblər nəzərə alınaraq layihələndirilib. Formalar yay və qış dəstləri olmaqla təqdim edilir və şagirdlərin hərəkət sərbəstliyini məhdudlaşdırmır. Təhsil müəssisələri pedaqoji şuraların və valideynlərin rəyi ilə müəyyən olunmuş bir neçə rəng qrupundan birini seçmək hüququna malikdir.

Yekun olaraq qeyd etmək olar ki, vahid məktəbli forması sadəcə bir geyim tələbi değil, təhsil mühitində bərabərliyin, səliqənin və sağlam psixoloji mühitin təminatçısıdır. Bu yanaşma şagirdlərə erkən yaşlardan intizamlı olmağı, fərdiliyini geyimlə deyil, bilik və bacarıqları ilə nümayiş etdirməyi öyrədir.

İldırım Eyvazlı,
YAP Nizami rayon təşkilatının gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button