
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Milli Aviasiya Akademiyasının tərəfdaşlığı ilə ölkəmizdə hüquqşünaslıq ixtisası üzrə təhsil verən ali təhsil müəssisələrinin tələbələri arasında “Simurq Hüquq Olimpiadası” layihəsi çərçivəsində bilik yarışı həyata keçirilib. Tələbələr analitik düşüncə və komanda strategiyası üzərində qurulmuş yarışda 5 nəfərdən ibarət komandalarla iştirak ediblər.
Victorytime.az xəbər verir ki, Ümumilikdə 6 komanda arasında keçirilmiş bilik yarışı nəticəsində “Aviation” komandası birinci yerə, “DGKA” komandası ikinci yerə, “Fenix” komandası üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, “Simurq Hüquq Olimpiadası” layihəsi ötən il Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi Qrant müsabiqənin qalibi seçilmişdi. Layihənin rəhbəri Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının doktorantı Günay Qüdrətli olub.
Texniki təminat da daxil olmaqla layihənin hər bir mərhələsində gənclərin fəal iştirakına xüsusi diqqət yetirilmişdir. Layihənin qonağı Milli Aviasiya Akademiyasının istedadlı hüquqşünas-məzunu Cavidan Fatihi sevilən musiqilər ifa etmişdir. Milli Aviasiya Akademiyasının istedadlı tələbəsi Jalə Hüseynovanın skripkada ifası isə layihəyə xüsusi rəng qatmışdır.
Layihənin adının “Simurq” olaraq seçilməsinin səbəbi Simurqun zəhmət və iradə ilə özünü yenidən kəşf etməyin, müdrikliyin, bilik axtarışının və mənəvi yüksəlişin simvolu olmasıdır. Bu yarışda əsas məqsəd yalnız düzgün cavablar tapmaq deyil, yeni biliklər, möhkəm dostluqlar qazanmaq, tələbələrin potensialını üzə çıxarmaq və komandada işləmək bacarıqlarını inkişaf etdirmək idi.












