AnalitikaGündəmSiyasət

Tarixi Zərurət və Milli Dirçəlişin Başlanğıcıdır

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış hadisələrdən biri də 3 oktyabr 1993-cü il tarixidir. Həmin gün ümummilli lider Heydər Əliyev xalqın səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə təkcə siyasi lider dəyişikliyi deyildi – bu, ölkənin parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsindən xilas olması, milli birliyin və sabitliyin bərpası, gələcəyə inamın qayıdışı idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyi real məzmuna çevrildi, ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklər ölkəni böyük bir böhranla üz-üzə qoymuşdu. Dövlət institutları zəif, ordu nizamsız, iqtisadiyyat dağılmış, cəmiyyət isə ciddi parçalanmalarla sarsılmışdı. Ermənistanla başlanan Qarabağ müharibəsi vəziyyəti daha da ağırlaşdırırdı. 1992-1993-cü illərdə tez-tez dəyişən hakimiyyətlər, qeyri-sabit idarəetmə, regionlarda baş qaldıran separatçılıq və çevriliş cəhdləri dövlətin varlığını təhlükə altına almışdı. Belə bir məqamda Azərbaycan xalqı özünün ən çətin günündə etibar edə biləcəyi, təcrübəli və güclü bir liderə ehtiyac duyurdu. Bu lider isə xalqın yaddaşında və qəlbində illərlə silinməyən iz buraxmış Heydər Əliyev idi. 1990-cı ilin iyulunda Sovet rəhbərliyindəki vəzifəsindən istefa verdikdən sonra Heydər Əliyev bir müddət Naxçıvanda siyasi fəaliyyətlə məşğul oldu. 1991-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi çalışdı. Onun rəhbərliyi ilə Naxçıvan erməni təcavüzünə qarşı dayandı, daxili sabitlik qorundu və dövlətçiliyin təməli burada möhkəmləndirildi. 1993-cü ilin iyununda Bakıda hərbi-siyasi böhran yarananda xalq Heydər Əliyevə müraciət etdi. O, bu müraciəti cavabsız qoymadı və xalqın təkidi ilə iyun ayında Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə Milli Məclisin sədri seçilən Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratmağa, dövlət idarəçiliyində intizam və çeviklik gətirməyə başladı. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin dəstəyi ilə – 98,8% səslə – Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, xalqın ona olan inamının və etimadının bariz göstəricisi idi. Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanda siyasi, iqtisadi və ictimai həyatın bütün sahələrində ciddi islahatlara start verildi. Onun rəhbərliyi ilə: Dövlətçiliyin əsasları möhkəmləndirildi. Qanunvericilik bazası yenidən quruldu və Konstitusiya hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Milli ordu quruculuğu prosesinə başlanıldı və nizami silahlı qüvvələr yaradıldı. Xarici siyasətdə balanslı və çoxşaxəli kurs formalaşdı; Azərbaycan beynəlxalq arenada tanınmağa başladı. “Əsrin müqaviləsi” kimi tanınan neft strategiyası ilə ölkənin iqtisadi inkişafı üçün əsaslar qoyuldu. Demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu sahələrində fundamental addımlar atıldı. Heydər Əliyevin prezidentliyi dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da tanınan, sabit və etibarlı bir dövlətə çevrildi. Onun dövlətçilik fəlsəfəsi, uzaqgörən siyasəti və xalqına olan dərin sevgisi bu gün də müasir Azərbaycan dövlətinin ideoloji dayağını təşkil edir.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri hər bir vətəndaşın qürur mənbəyinə çevrilmişdir. Onun siyasi kursu bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycanın inkişaf strategiyası Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə irəliləyir.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button