
25 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edildiyi gündür. 2020-ci il Vətən müharibəsi zamanı Qubadlının azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük hərbi və siyasi uğurlardan biri oldu. Bu tarixi hadisə həm ərazi bütövlüyümüzün bərpasına, həm də milli ləyaqətimizin yüksəlməsinə mühüm töhfə verdi.
Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Bu fikirlər yalnız hərbi zəfərin deyil, həm də uzun illər boyu davam edən ədalətsizliyin sona çatmasının ifadəsidir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. 802 kvadrat kilometr ərazisi olan bu rayonun səthi əsasən dağlıqdır. Qubadlı strateji-coğrafi mövqeyə malikdir; qərbdən Ermənistanla 120 kilometr uzunluğunda sərhədi olan rayon, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayon ərazisində Həkəri və Bərgüşad çaylarının axması burada kənd təsərrüfatı və həyat üçün əlverişli şərait yaradıb.
1993-cü ilin avqust ayında Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində minlərlə insan doğma torpağından didərgin düşdü, rayonun infrastruktur obyektləri, təhsil müəssisələri, mədəniyyət abidələri dağıdıldı, məscidlər və qəbiristanlıqlar təhqir edildi. Beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulsa da, dünya ictimaiyyəti uzun illər bu ədalətsizliyə göz yumdu.
Lakin 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü və əzmini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu peşəkarlıqla və yüksək döyüş ruhu ilə işğal altındakı torpaqları azad etdi. 25 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi Zəfər Yolunun əsas mərhələlərindən biri oldu. Bu, həm də Şuşa uğrunda gedən döyüşlərə yol açdı və Ermənistanın kapitulyasiya etməsinə təkan verdi.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Azərbaycan dövləti tərəfindən burada bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni yollar, su və enerji xətləri çəkilir, məktəblər, xəstəxanalar tikilir, kəndlər və şəhərlər yenidən salınır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq bir sıra ailələr öz doğma yurdlarına dönüb, həyatlarını burada yenidən qurmağa başlayıblar.
Qubadlı şəhərinin günü – 25 oktyabr, yalnız bir rayonun azad olunması deyil, bütövlükdə Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsinin simvoludur. Bu günün qeyd olunması şəhidlərimizin ruhuna ehtiram, qazilərimizin qəhrəmanlığına hörmət, xalqımızın əzminə və dövlətimizin gücünə olan inamın təntənəsidir.
Qubadlıya qayıdış – Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlət siyasətinin uğurlu nəticəsinin göstəricisidir. Bu torpaq artıq əbədi olaraq Azərbaycanındır və burada yalnız sülh, inkişaf və tərəqqi hökm sürəcək.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi