
Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı müasir Azərbaycan diplomatiyasının mahiyyətini, ölkənin regional və qlobal miqyasda artan nüfuzunu, eləcə də dövlət başçısının sülhə, dialoqa və humanist dəyərlərə əsaslanan siyasi xəttini bir daha nümayiş etdirdi. Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirən Prezident İlham Əliyev ilk növbədə münsiflər heyətinə minnətdarlığını ifadə etməklə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin banisi olan Şeyx Zayedin tarixi rolunu xüsusi vurğuladı. Onun uzaqgörən siyasəti nəticəsində BƏƏ-nin dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevrilməsi nümunə kimi təqdim olundu və bu, liderliyin dövlətlərin taleyində necə həlledici rol oynadığını göstərdi.Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də varislik və davamlılıq ideyasının önə çəkilməsi idi. O, Şeyx Məhəmməd bin Zayedin atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirdiyini qeyd etməklə, siyasi iradənin və institusional davamlılığın ölkələrin uzunmüddətli sabitliyi üçün nə qədər vacib olduğunu xatırlatdı. Bu yanaşma, əslində, Azərbaycanın öz inkişaf modelinə də uyğun gəlir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm milli dəyərlərə sadiqliyini qoruyur, həm də qlobal çağırışlara açıq, müasir və çevik siyasət yürüdür. Məhz bu balans ölkənin son illərdə əldə etdiyi uğurların əsas səbəblərindən biridir.
Birləşmiş Ərəb Əmirliklərinin tarixə bağlı qalmaqla gələcəyə inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan cəmiyyət modeli kimi təqdim olunması Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutdu. Bu nümunə, yalnız iqtisadi inkişafla deyil, eyni zamanda, sosial harmoniya və mədəni müxtəlifliyin qorunması ilə ölçülən tərəqqi anlayışını ön plana çıxarır. Azərbaycan da öz növbəsində çoxmillətli və çoxkonfessiyalı cəmiyyət modeli ilə regionda tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə mühüm töhfələr verir. İlham Əliyevin siyasətində bu xətt ardıcıl şəkildə davam etdirilir və ölkənin beynəlxalq imicinin güclənməsində mühüm rol oynayır.Çıxışda sülhün yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət daşıdığı xüsusi vurğulandı. Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə görə Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya minnətdarlığını bildirdi. Bu, Azərbaycanın qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamaq niyyətinin açıq göstəricisidir. Dövlət başçısının çıxışında səslənən fikirlər göstərir ki, Bakı yalnız regional güc mərkəzi kimi deyil, həm də humanitar və mənəvi dəyərlərin təşviqçisi kimi çıxış etməyi qarşısına məqsəd qoyub.Xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycan və Ermənistan arasında sülh mövzusunun vurğulanması idi. Prezident İlham Əliyev 30 ildən artıq davam edən müharibə şəraitindən sonra artıq altı aydır sülh şəraitində yaşanıldığını qeyd etməklə, yeni mərhələnin başlanğıcına işarə etdi. Bu, təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün tarixi əhəmiyyətə malikdir. İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində əldə olunan bu nəticə regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsasını qoyur.
Nəticə etibarilə, Əbu-Dabidə səsləndirilən bu çıxış Prezident İlham Əliyevin siyasətinin əsas sütunlarını – sülh, dialoq, qarşılıqlı hörmət və davamlı inkişaf prinsiplərini bir daha aydın şəkildə ortaya qoydu. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz Azərbaycan Prezidentinə təqdim olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, İlham Əliyevin isə qlobal miqyasda etibarlı və prinsipial lider kimi qəbul edilməsinin bariz göstəricisidir. Bu çıxış həm Azərbaycanın bu gününü, həm də gələcək hədəflərini ifadə edən mühüm siyasi mesaj kimi tarixdə qalacaq.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi



