
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasının sessiyasında çıxış edərək həm ölkənin keçdiyi tarixi yolu, həm də hazırkı geosiyasi vəziyyətdə Azərbaycanın rolunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu çıxış təkcə bir ölkənin uğurlarının sadalanması deyildi – bu çıxışda beynəlxalq hüququn, suverenliyin, ədalətin və gələcək nəsillər üçün təhlükəsiz dünyanın konturları cızıldı.
Prezident Cənab İlham Əliyev çıxışında vurğuladı ki, uzun illər işğala məruz qalan Azərbaycan, nəhayət ki, beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Qarabağ və ətraf rayonların 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, bu ərazilərdə aparılan etnik təmizləmə, mədəni irsin məhv edilməsi və insan hüquqlarının kobud şəkildə pozulması beynəlxalq hüquq normalarına zidd idi.
O qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən “qeyd-şərtsiz və dərhal çıxarılmasını” tələb edən dörd qətnamə 30 ilə yaxın kağız üzərində qaldı. Bu, beynəlxalq təşkilatların siyasi iradə nümayiş etdirməkdə çətinlik çəkdiyinin göstəricisi idi. Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il Vətən Müharibəsi nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi və bu, beynəlxalq hüququn aliliyinin bərpası kimi qəbul olunmalıdır.
Müharibədən sonra Azərbaycan hökuməti sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi və Ermənistanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürdü. Bunlar arasında qarşılıqlı suverenliyin tanınması, sərhədlərin delimitasiyası və gələcəkdə bir-birinin daxili işlərinə qarışmamaq əsas yer tuturdu. Bu proseslərin nəticəsi olaraq 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Paraflanmış Sülh Müqaviləsi əldə olundu. Bu, Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün real imkanlar yaratdı.
Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də COP29 – BMT İqlim Dəyişikliyi Konfransına Azərbaycanın ev sahibliyi etməsi oldu. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə aktiv iştirak etməsinin bariz nümunəsidir. İlham Əliyev COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədi” adlı təşəbbüsü təqdim edərək, inkişaf etməkdə olan ölkələrin yaşıl keçidə daha rahat və bərabər çıxışını təmin etməyi hədəflədiklərini vurğuladı. Azərbaycanın hədəfi – 2030-cu ilə qədər enerji istehsalının 40%-dən çoxunu bərpa olunan mənbələrdən təmin etməkdir.
Azərbaycan artıq təkcə neft ölkəsi deyil – bu gün ölkə Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilmişdir. Prezident qeyd etdi ki, hazırda Azərbaycan qazı 14 ölkəyə ixrac edilir. Cənub Qaz Dəhlizi, Xəzər-Qara dəniz bağlantısı, yaşıl enerji dəhlizləri – bütün bu layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində oynadığı rolu gücləndirir. Bununla yanaşı, Azərbaycan Avropa ilə enerji əməkdaşlığını daha da dərinləşdirməkdədir və yaşıl enerji sahəsində xarici investisiyalar üçün cəlbedici platformaya çevrilmişdir.
Prezident Cənab İlham Əliyev çıxışının sonunda beynəlxalq ictimaiyyətə bir çağırış etdi: “Gəlin birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq.” Bu mesaj yalnız Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün aktualdır. Son illər ərzində beynəlxalq hüququn bəzən ikili standartlarla tətbiq olunması, bəzi ölkələrin hüquqlarının müdafiə olunmaması və ya görməməzlikdən gəlinməsi beynəlxalq etimadı ciddi şəkildə sarsıtmışdır. Azərbaycan isə bu sistemdə ədalət və qanunun aliliyinə əsaslanan nizamın bərpasını istəyir.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi