AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yeni formatda təqdimatı oldu

Prezident İlham Əliyevin bu dəfəki ABŞ səfəri də məhsuldarlığı ilə yadda qalıb. Prezident İlham Əliyev Nyu-Yorkda bir çox dövlətlərin və transmilli şirkətlərin rəhbərləri ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. Xüsusilə də, Prezident İlham Əliyevin dünyada alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlər olan “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, eləcə də “Ares Management”, “Franklin Templeton” kimi şirkətlərin rəhbərləri ilə görüş xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs göstərən bu şirkətlər dünyanın ən böyük maliyyə qurumları hesab olunur.

Məsələn, “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkəti 508 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. Özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edən “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri isə 1 trilyon ABŞ dollarından artıqdır. Qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biri olan “Brookfield Asset Management” infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir və onun idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.

Həmçinin, “Ares Management” şirkəti hazırda təxminən 60 milyard dollarlıq bazar kapitallaşması ilə təqribən 572 milyard, eləcə də 2006-cı ildə təsis edilmiş qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners” təxminən 170 milyard, “Franklin Templeton” isə hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Göründüyü kimi, yalnız bu 6 şirkət təqribən 6 trilyon dollara yaxın aktiv idarə edir. Onların Azərbaycana marağının olması heç şübhəsiz ki, ölkəmizin müsbət imici və uğurları ilə əlaqədardır”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı da böyük maraqla qarşılanıb: “Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, O, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. Lakin bu dəfə qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməkdən söz açıb. Yəni, Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yeni formatda təqdimatı oldu.

Prezident İlham Əliyev Azərbaycanın Zəfər müharibəsindən, ərazi bütövlüyünün və suverenliyin bərpasından, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasından, bu gün siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlərin açılmasından, ölkəmizin yaşıl gündəliyindən, bərpaolunan enerji istehsalı gücündən, enerji təhlükəsizliyindən danışıb, dünyaya mühüm çağırışlar edib”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” çağırışı bir daha Azərbaycanın sülh, əməkdaşlıq və təhlükəsizlik tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirib.

Oxşar Xəbərlər

Back to top button