
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirən, regional və qlobal çağırışlara aydın mövqe sərgiləyən tarixi bəyanat oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər həm Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdimatı, həm də gələcək hədəflərin elanıdır.
Prezident İlham Əliyev çıxışının mühüm hissəsini Ermənistanın uzun illər ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə və yüz minlərlə azərbaycanlının doğma yurd-yuvalarından didərgin salınmasına həsr etdi. O, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, BMT qətnamələrinin isə 30 il ərzində kağız üzərində qaldığını vurğuladı. Lakin 2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bu, regionda tamamilə yeni geosiyasi reallıq yaratdı. Prezident bildirdi ki, bu Qələbə təkcə hərbi yox, həm də siyasi-diplomatik zəfərdir və Azərbaycan xalqının gücünün, həmrəyliyinin, dövlətin qətiyyətli siyasətinin nəticəsidir. Müharibədən sonra yaranan yeni şəraitin əsas məqsədinin bölgədə davamlı sülhü təmin etmək olduğunu vurğulayan dövlət başçısı Ermənistanla sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd etdi. O, Azərbaycanın irəli sürdüyü beş prinsipin beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin normal qaydalarına əsaslandığını xatırlatdı.
Prezident çıxışında Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında paraflanan sülh müqaviləsinin böyük əhəmiyyət kəsb etdiyini, lakin prosesin tam imzalanmasına qədər qarşılıqlı etimadın artırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi məsələlərin həllini tələb etdiyini diqqətə çatdırdı.
İlham Əliyev Azərbaycanın bölgədə yalnız hərbi-siyasi deyil, həm də iqtisadi və nəqliyyat mərkəzinə çevrildiyini qeyd etdi. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni hava limanları Azərbaycanın strateji mövqeyini möhkəmləndirib.
Dövlət başçısı çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışaraq bildirdi ki, Azərbaycan həm ənənəvi enerji mənbələrinin ixracında, həm də yaşıl enerji sahəsində geniş layihələr reallaşdırır. Xüsusən də, günəş və külək enerjisi üzrə böyük potensialın reallaşdırılması istiqamətində xarici investorlarla birgə işlər həyata keçirilir.
Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu sərt tənqid edərək qeyd etdi ki, bəzi dövlətlər beynəlxalq hüququ yalnız öz maraqları üçün tətbiq edir, amma digər hallarda görməzdən gəlirlər. Bu isə xalqlar arasında inamsızlıq yaradır və ədaləti zədələyir. Azərbaycan rəhbəri bir daha vurğuladı ki, beynəlxalq hüquq prinsipləri hamı üçün eyni qaydada işləməli, ayrı-seçkiliyə yol verilməməlidir.
BMT kürsüsündən səslənən bu çıxış Azərbaycan üçün bir dövlət başçısının nitqi olmaqdan daha çox, beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü mesaj idi. Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional oyunçu deyil, həm də qlobal proseslərə təsir edən, ədalət, sülh və tərəqqi naminə sözünü deyən etibarlı dövlətə çevrilib.
Bu nitq Azərbaycanın gələcək onilliklər üçün inkişaf xəttini müəyyənləşdirən, həm ölkə daxilində, həm də beynəlxalq arenada qətiyyətli mövqeyi təsdiqləyən tarixi çıxış kimi yadda qalacaq.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi