
Hər bir xalqın tarixində elə dönəmlər olur ki, bu zamanlarda verilən qərarlar və atılan addımlar onun gələcək taleyini müəyyən edir. Azərbaycanın müstəqillik tarixində belə dönüş nöqtələrindən biri də 1993-cü ilin iyun ayında yaşanmış hadisələrdir. Bu dövr Azərbaycan xalqının “Milli Qurtuluş Günü” adlandırdığı tarixi bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Həmin dövrdə xalqın böyük etimadını qazanan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində, milli qurtuluş yolunun əsasını qoydu.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, təəssüf ki, müstəqil dövlət quruculuğuna başladığı ilk illərdə ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üz-üzə qaldı. Səriştəsiz idarəçilik, daxili çəkişmələr, hakimiyyət böhranı və eyni zamanda Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı ölkəni parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Dövlət strukturları iflic vəziyyətində idi, xalqda isə sabaha olan inam sürətlə azalırdı.
Bu böhranlı şəraitdə Azərbaycanın gələcəyi üçün təhlükəli olan vəziyyətdən çıxış yolu, yalnız güclü siyasi iradəyə və liderliyə malik bir şəxsin rəhbərliyinə ehtiyac duyurdu. Belə bir zamanda xalqın çağırışı ilə Naxçıvanda siyasi fəaliyyət göstərən Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu və Milli Məclisin qərarı ilə ölkənin rəhbərliyinə gətirildi. Məhz bu tarix – 15 iyun 1993-cü il – Azərbaycan tarixində “Milli Qurtuluş Günü” kimi qeyd olunur.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa başladı. Əvvəlcə vətəndaş müharibəsinin qarşısı alındı, parçalanmaqda olan dövlət yenidən bir araya gətirildi. Ardınca hüquqi, siyasi və iqtisadi islahatlara start verildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlini qoydu. Ordu quruculuğunda ciddi addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi gücləndirildi.
Milli qurtuluş dedikdə yalnız siyasi sabitliyin təmin olunması deyil, həm də milli mənəviyyatın, tariximizin, dövlətçiliyin və milli kimliyin qorunması başa düşülür. Heydər Əliyevin rəhbərliyi ilə bu sahələrdə də mühüm işlər görüldü. Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı və dövlət quruculuğunda yeni bir mərhələ başlandı.
Milli qurtuluşa gedən yolun başlanğıcı, əslində, xalqın öz gələcəyinə sahib çıxmaq istəyi ilə bağlı idi. Xalq 1993-cü ildə seçim qarşısında qaldı və bu seçim onun öz tarixi taleyinə verdiyi ən önəmli cavablardan biri oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız bir siyasi liderin yenidən idarəçiliyə gətirilməsi deyildi – bu, bütöv bir xalqın öz xilaskarı ətrafında birləşərək yeni bir mərhələyə qədəm qoyması idi.
Bu gün də Azərbaycan xalqı həmin tarixi dərsləri unutmadan, milli qurtuluşun təməl prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt uğurla davam etdirilir və Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir.
Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi