AnalitikaGündəmSiyasət

Güclü enerji infrastrukturu yeni sənaye layihələrinin əsasını təşkil edir

Azərbaycanın son illərdə enerji infrastrukturunun inkişafı istiqamətində həyata keçirdiyi layihələr ölkənin yeni sənaye sahələrinin formalaşdırılması üçün də mühüm baza yaradıb. Dağ-mədən və metallurgiya sənayesi enerji tutumlu sahələrdən olduğundan bu istiqamətdə dayanıqlı enerji təminatı xüsusi əhəmiyyət daşıyır. 2027–2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan Dövlət Proqramı çərçivəsində yeni mədən və emal müəssisələrinin yaradılması Azərbaycanın mövcud enerji imkanlarından daha geniş istifadəni də gündəmə gətirəcək.

Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, Azərbaycan son illərdə enerji təhlükəsizliyi ilə bağlı əsas məsələləri həll edib və ölkədə kifayət qədər generasiya imkanları yaradılıb. Bu potensial yeni sənaye layihələrinin enerji təminatı baxımından mühüm üstünlükdür. Dağ-mədən müəssisələrinin, zənginləşdirmə fabriklərinin və metallurgiya zavodlarının fasiləsiz fəaliyyəti böyük həcmdə elektrik enerjisi tələb edir. Buna görə ölkənin enerji sisteminin gücləndirilməsi sənaye siyasətinin digər istiqamətlərini də dəstəkləyir.

Yeni sənaye müəssisələrinin yerləşdirilməsi zamanı enerji mənbələrinə yaxınlıq və enerji təchizatının etibarlılığı əsas amillərdən biri ola bilər. Qərb Sənaye Parkının yaradılması da bu baxımdan kompleks yanaşma tələb edir. Parkda fəaliyyət göstərəcək müəssisələrin enerji, su və digər kommunal ehtiyaclarının əvvəlcədən nəzərə alınması istehsal proseslərinin səmərəli təşkili üçün vacibdir.

Enerji imkanlarının geniş olması həm də gələcəkdə istehsal həcmlərinin artırılması üçün əlavə imkan yaradır. Yeni zavodların fəaliyyətə başlaması ilə enerji tələbatının artacağı nəzərə alınaraq, sənaye və enerji siyasətinin paralel şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın enerji sahəsində yaratdığı potensial qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün mühüm iqtisadi üstünlüklərdən birinə çevrilə bilər.

Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button