AnalitikaGündəmSiyasət

Füzuli Azərbaycanın geosiyasi dirçəlişinin rəmzidir

17 Oktyabr – Azərbaycanın tarixində mühüm günlərdən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhəri 27 ildən sonra erməni işğalından azad olundu və bu tarix Füzuli şəhəri günü kimi əbədiləşdirildi. Bu qələbə təkcə hərbi deyil, həm də siyasi, strateji və mənəvi baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm dönüş nöqtəsi oldu. Bu gün Füzuli təkcə qələbənin simvolu deyil, eyni zamanda ölkənin cənub-qərb bölgəsində yerləşən strateji coğrafi mövqeyə malik bir rayondur. Füzulinin coğrafi mənzərəsi və strateji mövqeyi Füzuli rayonu Azərbaycanın Qarabağ iqtisadi rayonunun cənub-şərqində yerləşir. Ərazisi

Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayı boyunca uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Bu unikal yerləşmə Füzuliyə həm təbii ehtiyatlara çıxış, həm də kənd təsərrüfatı baxımından üstünlüklər qazandırır. Rayonun ümumi sahəsi 1386 km² təşkil edir və Azərbaycan üçün mühüm hidroqrafik əhəmiyyətə malikdir. Burada axan Quruçay, Köndələnçay və Çərəkənçay Araz çayına tökülərək ölkənin su ehtiyatlarının formalaşmasında iştirak edir. Bu çaylar həm də rayonun kənd təsərrüfatının suvarma sistemində mühüm rol oynayır.

Bu coğrafi sərhədlər Füzuliyə həm daxili logistik baxımdan, həm də geosiyasi baxımdan əhəmiyyət qazandırır. Xüsusilə İranla həmsərhəd olması, gələcəkdə iqtisadi və siyasi əməkdaşlıqlar üçün yeni imkanların yaradılmasına zəmin hazırlayır. Siyasi əhəmiyyət və müasir geosiyasi reallıqlar Füzuli rayonu uzun illər işğal altında qaldığı üçün regionun inkişafı dayanmış, sosial-iqtisadi struktur dağıdılmışdı. Lakin 2020-ci ildən sonra Azərbaycan dövləti burada bərpa və yenidənqurma işlərinə başlayaraq, Füzulini Qarabağın dirçələn siması halına gətirib.

Qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və bu, Azərbaycanın Qarabağ bölgəsinə inteqrasiyasını sürətləndirmək üçün atılmış strateji addım oldu. Eyni zamanda bu ərazidə aparılan quruculuq işləri Azərbaycanın mülki diplomatiyasının və reinteqrasiya siyasətinin mühüm tərkib hissəsidir. Füzuli bu gün həm bərpa olunan infrastruktur layihələrinin, həm də ağıllı kənd konsepsiyalarının ilk tətbiq edildiyi məkana çevrilib.

Füzuli rayonunun İranla sərhəddə yerləşməsi onun regional təhlükəsizlik məsələlərində də xüsusi yer tutmasına səbəb olur. Azərbaycan üçün sərhədlərin qorunması, qeyri-qanuni keçidlərin qarşısının alınması və regional sabitliyin təmin edilməsi baxımından Füzuli strateji bufer zonadır. Eyni zamanda, bölgənin nəqliyyat infrastrukturunun yenidən qurulması – avtomobil yolları, dəmir yolları və logistika mərkəzləri – Füzulini Cənubi Qafqazda yeni geosiyasi xəritənin əsas aktorlarından birinə çevirir. Füzuli rayonu bu gün Azərbaycanın geosiyasi strategiyasında, iqtisadi inkişaf planlarında və regional inteqrasiya siyasətində mühüm yer tutur. Onun azad olunması təkcə torpaq qazanmaq deyil, həm də ölkənin gələcəyi üçün siyasi və strateji üstünlük əldə etmək demək idi. 17 Oktyabr – Füzuli şəhəri günü bu baxımdan Azərbaycan xalqının iradəsinin, əzminin və dövlətinin gücünün təcəssümüdür.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button