
Cəbrayılın yenidən qurulması prosesində su təminatı strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Rayonun kənd təsərrüfatı ənənələri, yaşayış məntəqələrinin bərpası və yeni kəndlərin yaradılması su resurslarından səmərəli istifadəyə əsaslanan infrastruktur modelini zəruri edir. Bu baxımdan müasir texnologiyalarla yanaşı, tarixi su təsərrüfatı təcrübəsinin də nəzərə alınması diqqət çəkir.
Horovlu kəndinin bərpası bu istiqamətdə konkret nümunədir. Kənddə işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa olunub. Rəsmi məlumatda həmin kəhrizlərin Horovlunun su təminatının bir hissəsini qarşılayacağı bildirilir.
Kəhrizlərin bərpası yalnız tarixi irsin qorunması deyil, həm də praktiki su təminatı məsələsidir. Bu yanaşma Cəbrayılın bərpasında ənənəvi biliklərlə müasir mühəndislik imkanlarının birləşdirilməsinin mümkünlüyünü göstərir.
Su təminatı kənd təsərrüfatının inkişafı üçün də mühüm amildir. Qayıdan əhalinin torpaqdan istifadə etməsi, bağçılıq, əkinçilik və digər aqrar fəaliyyətlərin genişlənməsi etibarlı su infrastrukturundan asılıdır.
Bu baxımdan Cəbrayılın gələcək kənd inkişaf modelində su ehtiyatlarının qorunması, kəhrizlərin bərpası və müasir su sistemlərinin qurulması bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Belə yanaşma qayıdışın yalnız mənzil təminatı deyil, dayanıqlı kənd həyatının bərpası kimi həyata keçirilməsinə imkan yaradır.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri



