
Azərbaycan tarixində 2020-ci il xüsusi bir mərhələ kimi yadda qaldı. 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın igidliyi, birliyi və dövlətimizin gücü sayəsində Zəfərlə nəticələndi. Həmin qürur dolu günlərin ən önəmli səhifələrindən biri isə məhz 4 oktyabr 2020-ci il oldu.
Bu tarixdə Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək, xalqımızın illərdir həsrətlə gözlədiyi xəbəri bütün ölkəyə çatdırdı. Cəbrayıl rayonu 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə on minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. İllərlə həsrətini çəkdiyimiz bu torpaqlar 27 il sonra yenidən Vətənə qovuşdu.
4 oktyabrın sevinci yalnız Cəbrayıl sakinlərinin deyil, bütün Azərbaycan xalqının sevincinə çevrildi. Çünki bu qələbə düşmənin sarsıdılması, Ordumuzun qətiyyətli irəliləməsi və xalqımızın haqq yolunda qazanacağı ümumi Zəfərin xəbərçisi oldu.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsi hərbi baxımdan da mühüm strateji əhəmiyyət daşıyırdı. Bu uğur Ordumuza həm Zəngilan, həm də Füzuli istiqamətində geniş imkanlar yaratdı. Beləliklə, azadlıq yürüşü daha da sürətləndi və işğal altındakı digər ərazilərin xilası üçün yol açıldı.
Cəbrayılın azad olunması yalnız hərbi uğur deyildi, həm də mənəvi dirçəlişin təməli oldu. Uzun illər məcburi köçkün həyatı yaşayan insanlar doğma yurdlarına qayıtmaq ümidini yenidən qazandılar. Azərbaycan xalqı bir daha əmin oldu ki, haqq-ədalət bərpa olunur və dövlətimizin gücü bütün maneələri aşmağa qadirdir.
Bu gün Cəbrayıl şəhərində geniş bərpa və quruculuq işləri həyata keçirilir. Azad olunmuş torpaqlarımızda müasir infrastruktur layihələri icra edilir, yollar, körpülər, məktəblər, xəstəxanalar və yaşayış binaları tikilir. Bu işlərin əsas məqsədi keçmiş məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdışını təmin etməkdir.
“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonu da öz əvvəlki gözəlliyini və canlı həyatını bərpa edəcək. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı hər zaman yaddaşlarda yaşayacaq. Onların fədakarlığı sayəsində bu torpaqlar yenidən Vətənə qovuşdu.
Hər il 4 oktyabrda Azərbaycan xalqı Cəbrayıl şəhəri gününü qeyd etməklə həm də şəhidlərimizin müqəddəs xatirəsini yad edir, onların ruhu qarşısında baş əyir. 4 oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın qürur, şərəf və qələbə günüdür.
Bu gün təkcə bir şəhərin azadlığı deyil, bütövlükdə Azərbaycanın haqq yolunda əldə etdiyi möhtəşəm uğurun simvoludur. Azərbaycan xalqı əmindir ki, Cəbrayıl və digər işğaldan azad olunmuş torpaqlarımız gələcəkdə daha da inkişaf edəcək, əbədi olaraq Vətənimizin ayrılmaz parçası kimi çiçəklənəcək
Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi