
Azərbaycanın Cəbrayıl rayonu Qarabağ münaqişəsinin nəticəsində ən çox əziyyət çəkmiş bölgələrdən biridir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu bu tarixdən sonra öz doğma yurd-yuvasından didərgin düşən on minlərlə insanın acı taleyi ilə yadda qaldı. Bu insanlar məcburi köçkün statusu alaraq, ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmalı oldular. Onların yaşadığı çətinliklər, sosial problemlər və vətən həsrəti uzun illər Azərbaycan cəmiyyətinin ağrılı səhifələrindən biri kimi qaldı.
Cəbrayıl rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətə malik bir ərazidir. 1993-cü ilin avqustunda bu rayon tam şəkildə Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi. İşğal nəticəsində rayonda yerləşən 100-dən artıq kənd, qəsəbə və rayon mərkəzi dağıdıldı, mədəni abidələr, məktəblər, xəstəxanalar, məscidlər və digər infrastrukturlar viran qoyuldu. Təxminən 70 mindən çox Cəbrayıllı öz doğma torpaqlarından məcburən köçkün düşdü.
Cəbrayıldan olan məcburi köçkünlər əsasən Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və digər bölgələrə yerləşdirildi. Onların bir hissəsi çadırlarda, vaqonlarda, yararsız binalarda və internat məktəblərində məskunlaşmalı oldu. Əvvəlki həyat şəraiti ilə müqayisədə bu insanlar olduqca ağır sosial və psixoloji problemlərlə üzləşdilər. Uzun illər ərzində bu insanlar normal yaşayış şəraitindən məhrum idilər, işsizlik, səhiyyə və təhsil sahələrində ciddi çətinliklər yaşayırdılar.
Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirdi. Yeni qəsəbələr tikildi, müasir məktəblər, səhiyyə ocaqları və digər sosial obyektlər inşa edildi. Dövlətin bu sahədəki dəstəyi həm maddi, həm də mənəvi baxımdan əhəmiyyətli oldu. Lakin məcburi köçkünlərin əsas arzusu – öz doğma torpaqlarına qayıtmaq idi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad etdi. 27 ildən sonra Cəbrayıl yenidən azad oldu və bu, yüz minlərlə azərbaycanlı, xüsusilə Cəbrayıl sakinləri üçün böyük sevinc və qürur anı oldu. Hazırda Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Cəbrayıl rayonunun infrastrukturunun yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların, yaşayış binalarının tikintisi davam edir.
Artıq bəzi kəndlərdə pilot məskunlaşmalar başlayıb. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı planlaşdırılır. Bu, təkcə fiziki bir qayıdış deyil, həm də milli kimliyin, mədəni irsin, mənəvi dəyərlərin yenidən dirçəlişidir.
Cəbrayıl rayonundan olan məcburi köçkünlər illərlə vətən həsrəti ilə yaşamış, öz torpaqlarına qayıtmaq ümidi ilə mübarizə aparmış insanlardır. Onların yaşadığı iztirablar, çətinliklər Azərbaycan tarixində unudulmamalıdır. Bu gün isə onların arzusu gerçəyə çevrilməkdədir. Cəbrayıl azaddır və yaxın illərdə bu gözəl bölgə yenidən dirçələcək, öz sakinlərini doğma torpaqlarında qarşılayacaq.
Yeni Azərbaycan Partiyası,məsləhətçi