AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan Avropanın təhlükəsizlik baxımından strateji tərəfdaşıdır

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koştanın 11-12 mart 2026-cı il tarixlərində Azərbaycana etdiyi rəsmi səfər həm ikitərəfli münasibətlər, həm də regional təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Bu səfər, xüsusilə Yaxın Şərqdəki gərginlik və qlobal enerji bazarındakı dəyişikliklər fonunda Bakı ilə Brüssel arasında yeni bir səhifə açmışdır.

Antoniu Koşta Azərbaycanı Avropa üçün “strateji əhəmiyyətli tərəfdaş” adlandıraraq, enerji əməkdaşlığının Aİ-nin enerji mənbələrini diversifikasiya etmək səylərində həlledici rol oynadığını vurğulamışdır.

Cənub Qaz Dəhlizi layihəsinin Avropanın Rusiya qazından asılılığını azaltmaqdakı rolu yüksək qiymətləndirilmiş, həmçinin tərəflər bərpa olunan enerji (külək və günəş) və “Qara dəniz sualtı elektrik kabeli” layihəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etmişlər.

Səfər zamanı Azərbaycanın regionda sabitləşdirici rolu xüsusi qeyd edilmiş, həmçinin Azərbaycanın İrandakı hərbi əməliyyatlar zamanı 1800-ə yaxın insanın, o cümlədən Aİ vətəndaşlarının təxliyəsində göstərdiyi “əvəzsiz köməyə” görə rəsmi minnətdarlıq bildirilmişdir.

Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesini və regional kommunikasiyaların (o cümlədən Bakı-Naxçıvan dəmir yolu əlaqəsi) açılmasını dəstəklədiyini bir daha bəyan etmişdir.

Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən “Orta Dəhliz” (Trans-Xəzər Nəqliyyat Marşrutu) layihəsindəki mərkəzi mövqeyi müzakirə olunmuşdur. Bu, Aİ-nin “Global Gateway” strategiyası çərçivəsində nəqliyyat və rəqəmsal bağlantıların gücləndirilməsi üçün mühüm hesab edilir.

Tərəflər Aİ və Azərbaycan arasında yeni hərtərəfli ikitərəfli saziş üzrə danışıqların sürətləndirilməsi barədə razılığa gəlmişlər.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Prezident İlham Əliyevi 2026-cı ilin aprelində Brüsselə rəsmi səfərə dəvət etmiş, 2028-ci ildə isə Azərbaycanda “Avropa Siyasi Birliyi”nin (EPC) sammitinin keçirilməsi planı təsdiqlənmişdir.

Antoniu Koştanın səfəri Azərbaycanın sadəcə bir enerji tədarükçüsü deyil, həm də Avropanın təhlükəsizlik və nəqliyyat arxitekturasında vazkeçilməz strateji tərəfdaş kimi tanınmasını rəsmiləşdirdi.

Tahirli Zaman,
Nizami rayonunun fəal gənci, Dövlət İqtisad Universitetinin tələbəsi, Prezident təqaüdçüsü

Oxşar Xəbərlər

Back to top button