Kazanda keçirilmiş XVI BRICS sammiti Avrasiya geosiyasi məkanı üçün mühüm siyasi hadisədir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması BRICS-in bir daha qlobal çoxmərkəzli sistemin inkişafına töhfə verən beynəlxalq platforma kimi əhəmiyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında etdiyi çıxış ölkənin çoxtərəfli diplomatiya və regional əməkdaşlığa olan sadiqliyini bir daha nümayiş etdirib. Dövlət başçımız Azərbaycanın beynəlxalq arenada tərəfdaşlığa, sülhə və dayanıqlı inkişafa dair konkret töhfələrini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına 2020-2023-cü illərdəki sədrlik dövrü çoxtərəfli diplomatiyanın əhəmiyyətini göstərən bir nümunə olunub. Bu dövrdə Azərbaycanın rəhbərliyi altında Hərəkatın institusional gücü artırılıb və ölkəmiz beynəlxalq münasibətlərdə daha fəal bir oyunçuya çevrilib. Bu təcrübə Azərbaycanın Asiya regionunda Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədəki sədrlik rolunda da öz əksini tapıb.
Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüş iki ölkə arasında sülhə nail olmaq yolunda əhəmiyyətli bir addım olaraq yadda qaldı. Görüşdə tərəflər sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etdilər. Bu cür diplomatik addımlar Cənubi Qafqaz regionunda dayanıqlı sülh və sabitliyin təmin edilməsində vacib əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin BRICS+ platformasındakı çıxışı Azərbaycanın çoxtərəflilik, logistika və iqlim əməkdaşlığında lider rolunu vurğulayaraq ölkənin qlobal güc mərkəzi kimi inkişafını və təsirini artırdığını bir daha sübut edib.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi