
Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir.
Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir… Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Dövlətimizin başçısı bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insanlara qayğı və diqqət üzərində qurub, sosialyönümlü siyasət strategiyası həyata keçirib və bütün bunları bu gün də əzmlə davam etdirir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Prezident İlham Əliyev cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib.
Ölkə başçısı ötən illər ərzində Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatlar aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması istiqamətində mühüm addımlar atıb.
Bu gün ölkə olaraq, xalq olaraq tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət və Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kimi tarixi bəyanatı artıq reallığa çevrilib. Azərbaycanın şanlı Bayrağı artıq Qarabağın bütün bölgələrində dalğalanır.
44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə və cəmi 23 saat 43 dəqiqə ərzində peşəkar şəkildə həyata keçirilmiş lokal antiterror tədbirləri sayəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qətiyyətli siyasi iradə, güclü ordu, xalq-iqtidar birliyi və beynəlxalq hüquqa söykənən ədalətli mövqe sayəsində ölkəmiz təkcə regionda deyil, bütün dünyada haqqın və ədalətin qalib gəlməsinin nümunəsinə çevrildi.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi