
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Dövlət başçısı müsahibəsində siyasi dialoqun möhkəm təməllər üzərində qurulduğunu, nəqliyyat-logistika, neft-qaz və enerji sahələrində əməkdaşlığın sürətlə inkişaf etdiyini, eyni zamanda yaşıl enerji və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Məlumdur ki, Azərbaycanla Qazaxıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri artıq yalnız diplomatik münasibətlər çərçivəsində deyil, həm də dərin iqtisadi inteqrasiyanın göstəricisidir. İki ölkə arasında iqtisadi əməkdaşlığın dinamikası son illərdə əhəmiyyətli dərəcədə artıb. Hazırda Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun fəaliyyət göstərməsi qarşılıqlı etimadın və əlverişli investisiya mühitinin bariz nümunəsidir.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 470 milyon ABŞ dollarına, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollara çatması bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini sübut edir. Bu artımın əsas səbəblərindən biri Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sisteminin müasirləşdirilməsi və infrastrukturun qarşılıqlı inteqrasiyasıdır.
Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən “2022–2027-ci illər üçün Yol Xəritəsi” isə bu inteqrasiyanın əsas strateji sənədlərindən biridir. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhliz Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasına çevrilməkdədir. Burada vahid tarif siyasəti, logistika mərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimi tədbirlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.
Enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranzitini nəzərdə tutan saziş Xəzər regionunda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini daha da artırır.
Prezident İlham Əliyev müsahibəsində bildirib: “Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri sayəsində mümkün olub.”
Müsahibədə həmçinin qarşılıqlı ticarət əlaqələrinə dair statistik göstəricilər də diqqətə çatdırılıb. 2025-ci ilin yanvar–avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatması Orta Dəhlizin potensialından səmərəli istifadənin nəticəsidir.
İnvestisiya əməkdaşlığı sahəsində də mühüm addımlar atılır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər hər iki tərəfin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa verdiyi önəmin göstəricisidir.
Bütün bu amillər göstərir ki, Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur və gələcəkdə də strateji əməkdaşlıq daha da güclənəcək.
Əyyub Əliyev
Yeni Azərbaycan Partiyası, Məsləhətçi