AnalitikaGündəmSiyasət

Azərbaycan qlobal ədalət və sabitlik uğrunda prinsipial mövqeyini nümayiş etdirdi

25 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərin, keçdiyi mürəkkəb tarixi yollardan çıxış strategiyasının və gələcəyə yönəlmiş baxışının dolğun ifadəsi oldu; bu çıxışda mən bir vətəndaş olaraq yalnız dövlətimizin mövqeyini deyil, həm də millətimizin haqq səsini dünyaya eşidilmiş gördüm, çünki Prezident Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan qərarların icra edilməməsi səbəbilə öz haqqını, torpaqlarını itirmiş, yüz minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, ölkəmizin təxminən 20 faiz torpaqları işğal altında qalmışdır, halbuki BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr açıq şəkildə işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edirdi, lakin bu sənədlər kağız üzərində qaldı, nəticədə Azərbaycan xalqı illərlə ədalətsizliyə məruz qaldı.

Cənab Prezidentin nitqində ən qürurverici məqam ondan ibarət idi ki, o, 2020-ci ildə baş verən 44 günlük Vətən Müharibəsini xatırladaraq vurğuladı: “Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, özünümüdafiə hüququndan istifadə edərək işğal altında olan torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi” bu tarixi zəfər təkcə hərbi qələbə yox, həm də beynəlxalq hüququn aliliyinin təntənəsi idi, çünki biz sivil qaydada, beynəlxalq normalara söykənərək haqqımızı geri aldıq.

Lakin bununla kifayətlənməyən dövlət başçımız dünyaya mesaj verdi ki, Azərbaycan revanşist deyil, əksinə, müharibədən sonra sülhün bərqərar olması üçün ardıcıl səylər göstərmiş, Ermənistanla sülh sazişi istiqamətində danışıqlara başlamış və Vaşinqtonda keçirilmiş sammitdə əldə olunmuş Bəyannaməni tarixi sənəd kimi qiymətləndirmişdir, bu da bir daha göstərir ki, bizim məqsədimiz qalıcı sülh, sabitlik və əməkdaşlıqdır.

Çıxışda diqqətimi çəkən başqa bir mühüm məqam isə nəqliyyat dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin reallaşmasının təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıması barədə səslənən fikirlər idi, çünki bu layihə Avrasiya məkanında yeni inteqrasiya imkanları açacaq, iqtisadi əlaqələri genişləndirəcək, xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirəcək.

Prezident İlham Əliyev, nitqində ABŞ-la tərəfdaşlıq məsələlərinə də xüsusi yer ayrıldı, o, 1992-ci ildə qəbul olunmuş 907-ci düzəlişin ləğvinin önəmini vurğuladı, eləcə də Azərbaycan ilə ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun strateji əməkdaşlığa xidmət etdiyini qeyd etdi, mənim üçün maraqlı və vacib idi ki, dövlət başçımız burada da prinsipial mövqeyini nümayiş etdirərək ikili standartlara qarşı çıxış etdi, beynəlxalq münasibətlərdə ədalətin selektiv olmamasını tələb etdi, çünki beynəlxalq hüquq hamı üçün eyni qaydada işləməlidir.

Çıxışda xüsusi vurğulanan məsələlərdən biri də iqlim dəyişikliyi və ətraf mühitin qorunması oldu, Prezident İlham Əliyev bildirdi ki, Xəzər dənizində suyun səviyyəsinin sürətlə enməsi ciddi təhlükə yaradır və bu məsələnin beynəlxalq əməkdaşlıqla həll olunması zəruridir, eyni zamanda Azərbaycanın COP29 çərçivəsində qəbul etdiyi təşəbbüslərdən danışdı və ölkəmizin qlobal ekoloji çağırışlara cavab verməyə hazır olduğunu bildirdi, bu da bir daha göstərir ki, Azərbaycan təkcə regional yox, həm də qlobal səviyyədə məsuliyyətli dövlət kimi çıxış edir.

Dövlət başçımız çıxışının sonunda mühüm bir çağırış etdi: əgər dünya ədalətli və sabit gələcək istəyirsə, onda bütün dövlətlərin suverenliyi hörmətlə qarşılanmalı, daxili işlərinə qarışılmamalı, beynəlxalq hüquq prinsipləri seçmədən, istisnasız tətbiq edilməlidir, çünki sülh yalnız sözlərlə yox, əməli tədbirlərlə, qətiyyətli mövqe və real addımlarla təmin edilə bilər.

Mənim üçün bu nitqin əhəmiyyəti ondadır ki, bir tərəfdən Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli maraqlarının müdafiəsi, digər tərəfdən isə dünya miqyasında ədalət və hüquq uğrunda çağırış kimi səsləndi, yəni bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin sabit və təhlükəsiz gələcəyi üçün qaldırılmış səs idi, bu çıxış həm də onu sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə güclü, prinsipial və etibarlı tərəfdaş kimi qəbul olunur, dövlətimizin sözünə, mövqeyinə və təşəbbüslərinə qulaq asılır, bu isə mənim bir Azərbaycan vətəndaşı olaraq qürur duyduğum ən əsas məqamdır.

Sahil Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button