MaraqlıSosial

Azərbaycan qadınları tarix boyu həm güc, həm müdriklik, həm də fədakarlıq nümunəsi olublar

“Azərbaycan qadını əsrlər boyu cəmiyyətin formalaşmasında mühüm rol oynayıb, həm ailə institutunun dayağı, həm də ictimai-siyasi həyatın fəal iştirakçısı olub. Onun timsalında biz həm zərifliyi, həm gücü, həm mərhəməti, həm də qətiyyəti görürük. Azərbaycan qadınlarının keçdiyi yol ölkəmizin tarixinin ayrılmaz hissəsidir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak edib, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərib: “Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Akademik Zərifə Əliyevanın tibb, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələrlə yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınıblar. Mədəniyyət və incəsənət sahəsində qadınların rolu danılmazdır. Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşən Şəfiqə Axundova milli musiqi tariximizdə xüsusi yer tutur. Ədəbiyyatda, teatrda, kinoda və təsviri incəsənətdə qadınların yaradıcılığı milli kimliyimizin zənginləşməsinə xidmət edir. Təsadüfi deyil ki, bu gün də Azərbaycan qadınları müəllim, alim, həkim, mühəndis və digər sahələrdə aktiv fəaliyyət göstərərək ölkənin inkişafına mühüm töhfə verirlər”.

Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanda qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub: “Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib, lider qadınlar yetişdirib. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə  yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb”.

Ramil Vəlibəyov vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir: “Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır: “Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycan qadınları tarix boyu həm güc, həm müdriklik, həm də fədakarlıq nümunəsi olublar: “Onların fəaliyyəti və nailiyyətləri ölkəmizin inkişaf yolunun əsas sütunlarından biridir. Keçmişdən gələn bu güclü irs müasir dövrdə də davam edir və gələcək nəsillərə örnək olur”.

Oxşar Xəbərlər

Back to top button