
2025-ci il sentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Bakıda mətbuata birgə bəyanatla çıxış etdilər. Bu səfər Azərbaycan ilə İtaliya arasında münasibətlərin daha da möhkəmlənməsi, strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bəyanatı iki ölkə arasında dostluğun, qarşılıqlı hörmətin və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.Dövlət başçısı çıxışında bildirdi ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində xüsusi yer tutur və tərəfləri birləşdirən münasibətlər sadəcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni və enerji sahələrini də əhatə edir.
Prezident İlham Əliyev vurğuladı ki, İtaliya Azərbaycanın Avropada əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında mal dövriyyəsi ilbəil artır. O qeyd etdi ki, xüsusilə enerji sahəsində əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir.Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin vacibliyinə toxunan dövlət başçısı bildirdi ki, bu layihə həm Azərbaycan qazının Avropaya təhlükəsiz və etibarlı şəkildə çatdırılmasına, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. İtaliya bu zəncirin son halqası kimi mühüm rol oynayır və Azərbaycanın etibarlı tərəfdaşıdır. Prezident İlham Əliyev dedi: “Biz İtaliya ilə birlikdə enerji təhlükəsizliyi sahəsində çox mühüm uğurlara imza atmışıq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu, qarşılıqlı etimada əsaslanır.
”Siyasi əlaqələrə toxunan Prezident İlham Əliyev xatırlatdı ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə arasında imzalanmış bir sıra sənədlər — xüsusilə Strateji Tərəfdaşlıq Bəyannaməsi və digər sazişlər — bu münasibətlərin hüquqi bazasını formalaşdırır. Prezident həmçinin vurğuladı ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu prinsipial mövqe iki ölkə arasında dostluğun sarsılmaz təməlidir.Mədəni-humanitar sahədə əməkdaşlıq da Prezidentin çıxışında xüsusi yer tutdu. İlham Əliyev qeyd etdi ki, İtaliya Azərbaycanın mədəni irsinin bərpasında da yaxından iştirak edib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi bu sahədə əməkdaşlığın konkret təzahürüdür. Ağdam və Füzuli rayonlarında bərpa layihələrinin icrasında İtaliya mütəxəssislərinin iştirakı həm dostluq əlaqələrinin, həm də qarşılıqlı inamın göstəricisidir.Prezident İlham Əliyev çıxışında gələcək planlardan da bəhs etdi. O bildirdi ki, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları genişdir. Bu istiqamətlər üzrə yeni sazişlər və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Dövlət başçısı İtaliya şirkətlərini Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə yaşıl enerji və texnologiya sahələrinə sərmayə qoymağa dəvət etdi.Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı maraq, etimad və dostluq prinsiplərinə əsaslanır. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə, siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə yol açdı. İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan və İtaliya yalnız tərəfdaş deyil, həm də səmimi dost ölkələrdir.”Prezident Sercio Mattarellanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–İtaliya münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi siqnal oldu. Bu bəyanat iki ölkənin dostluq əlaqələrinin davamlı və perspektivli olduğunu, qarşılıqlı hörmət və etimadın isə bu əlaqələrin əsasını təşkil etdiyini bir daha təsdiqlədi.
Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası,Məsləhətçi