
1993-cü il 3 oktyabr tarixi Azərbaycan xalqının yaddaşına dönüş və qurtuluş günü kimi yazılıb. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ölkənin gələcək inkişafının, müstəqilliyin möhkəmlənməsinin və dövlətçiliyin qorunmasının əsas mərhələlərindən biri oldu. Azərbaycan o dövrdə həm daxili siyasi böhran, həm də xarici təzyiqlərlə üz-üzə idi. Belə bir ağır məqamda xalqın yeganə ümid yeri məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik iradəsi və qətiyyətli addımları idi.
Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman Azərbaycan parçalanma təhlükəsi ilə üzləşmişdi. Sosial-iqtisadi böhran dərinləşmiş, vətəndaş müharibəsi riski yaranmışdı. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüş, insanların dövlətə və gələcəyə olan inamı azalmışdı. Belə bir zamanda onun Prezident seçilməsi xalqın iradəsinin, dövlətçilik düşüncəsinin və xilaskar liderə olan etimadının nəticəsi idi. Heydər Əliyevin prezidentliyi ilə ölkədə siyasi sabitlik yaradıldı, dövlətçiliyin dayaqları möhkəmləndirildi və xalqın dövlətə inamı bərpa olundu.
Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndi. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin enerji siyasətində yeni dövr başlandı, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etdi. Bu müqavilə yalnız neft-qaz ehtiyatlarının işlənməsi demək deyildi, həm də ölkənin gələcək inkişafının təməlini qoyan strateji qərar idi. Bununla yanaşı, Heydər Əliyev balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirərək Azərbaycanı beynəlxalq əməkdaşlıq müstəvisinə çıxardı.
Heydər Əliyevin dövlətçilik irsində ən mühüm məqamlardan biri də milli-mənəvi dəyərlərə bağlılıq idi. O, Azərbaycan xalqının tarixini, mədəniyyətini, dilini hər zaman uca tutdu və gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına xüsusi diqqət yetirdi. Onun təşəbbüsü ilə dövlət müstəqilliyimizin atributları – bayrağımız, himnimiz, gerbimiz – xalqımızın şüurunda əbədi dəyərlərə çevrildi.
Prezident kimi fəaliyyətində ən böyük məqsəd Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmək idi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, müstəqillik xalqımızın ən böyük sərvətidir və onu qorumaq hər bir azərbaycanlının borcudur. Onun həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar bu müstəqilliyi möhkəmləndirdi və Azərbaycanın sabit inkişaf yoluna çıxmasına imkan yaratdı.
1993-cü il 3 oktyabrda başlanmış yeni dövr təkcə bir seçki nəticəsi deyil, həm də milli dövlətçiliyin xilası idi. Heydər Əliyev ömrünü və fəaliyyətini tamamilə Azərbaycan xalqına həsr etmiş, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı ilə bütün vətəndaşlara örnək olmuşdur.
Bu gün Azərbaycan inkişaf etmiş, güclü, dünyada söz sahibi olan dövlətə çevrilmişsə, bunun təməlində Heydər Əliyevin möhkəm iradəsi və dövlətçilik strategiyası dayanır. Onun müəyyən etdiyi yol – güclü dövlət, qüdrətli ordu, firavan xalq – bu gün də ölkəmizin uğurlarının əsas istiqamətini təşkil edir.
Beləliklə, Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. O, həqiqətən də ömrünü Azərbaycanın gələcəyinə həsr edən böyük dövlət adamı idi və onun irsi bu gün də yaşayır, gələcək nəsillərə yol göstərir.
Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi