Azərbaycan ərazi bütövlüyünü bərpa etdi
Azərbaycan xalqının hərbi-siyasi tarixində yeni şanlı səhifə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi əzm və qətiyyəti nəticəsində, Şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanın zəbt etdiyi torpaqlarımızıcəmi 44 gün müddətində azad etdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəinki ərazi bütövlüyümüzün, eləcə də tarixi ədalətin bərpası idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz dövlətimizin gücünü döyüş meydanında düşmənə bir daha göstərdi. Ermənistanın məğlubiyyəti onu təkcə öz xalqı qarşısında deyil, beynəlxalq müstəvidə də rəzil duruma saldı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq salnaməsidir.
Respublikamız Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edərkən BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutdu, bütün addım, hərəkət və qərarlarında qəbul olunmuş normalar çərçivəsində, həm də humanistlik, insanpərvərlik, sülhsevərlik prinsiplərinə uyğun hərəkət etdi. Bəzi xarici təşkilatlar tərəfindən dövlətimizin ünvanına yalan ittihamlar səslənsə də, heç biri əsaslı və tutarlı fakt ortaya qoya bilmədilər. Hazırda bir çox dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyır. Ərazi bütövlüyümüzün tanınması beynəlxalq platformalarda da bəyan edilir. Mayın 15-də Brüsseldə baş tutan üçtərəfli görüş də bunu bir daha təsdiqləmişdir.
Ölkə başçımız Tərtərdən xalqa müraciəti zamanı Ermənistanın ərazi bütövlüyümüzü tanımasının vacibliyini bir daha vurğulamışdır: “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər…”. Bu dəfə vəziyyətə Fransa kimi araqarışdıranlar müdaxilə edə bilmədi. Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı səviyyəsində də tanındığına şahidlik edən Ermənistan həqiqətlərdən boyun qaçıra bilmədi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsində qazanılan tarixi Qələbə hər birimizi qürurlandırır, işlədiyimiz sahə üzrə fəaliyyətimizdə daha əzmlə çalışmağa sövq edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Mətanət Cəfərova,
YAP-ın fəalı