
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və mühüm strateji istiqamətləri əhatə edən əhatəli çıxış edib. Prezidentin nitqi həm Azərbaycan elminin keçdiyi tarixi yolun qiymətləndirilməsi, həm də ölkəmizin gələcək elmi-texnoloji inkişafının konturlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ötən 80 il ərzində ölkənin elmi potensialının formalaşmasında və inkişafında aparıcı rol oynayıb. Dövlət başçısı vurğulayıb ki, müstəqillik illərində elmin maddi-texniki bazasının gücləndirilməsi, elmi müəssisələrin müasirləşdirilməsi, yeni institutların yaradılması və elmi qrant mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan alimlərinin fəaliyyətini dəstəkləmək məqsədilə Elm Fondunun yaradılması və “Elm haqqında” Qanunun qəbul olunması bu siyasətin mühüm nəticələrindəndir.
Prezident İlham Əliyev çıxışında müasir dünyanın reallıqlarına uyğun olaraq texnoloji inkişafın və süni intellektin ölkə üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib. Qlobal miqyasda baş verən dəyişikliklərin — yeni müharibələrin, siyasi qarşıdurmaların və texnoloji rəqabətin fonunda Azərbaycan da bu sahədə geri qalmamalıdır.
Süni intellektin, rəqəmsallaşmanın və kibertəhlükəsizliyin dövlət idarəetməsində, iqtisadiyyatda və təhlükəsizlik sistemində tətbiqinin zəruriliyi qeyd olunub. Prezident bildirib ki, kibertəhlükəsizlik artıq virtual deyil, fiziki təhlükəsizlik məsələsidir və bu istiqamətdə alimlərlə dövlət strukturları birgə fəaliyyət göstərməlidirlər.
Prezident İlham Əliyev Azərbaycanın hərbi sənaye kompleksinin inkişafından danışaraq vurğulayıb ki, bu sahədə dövlətlə yanaşı, özəl sektorun da fəallaşması üçün şərait yaradılıb. Azərbaycanın artıq pilotsuz uçuş aparatlarının istehsalçısı kimi tanınması, bu istiqamətdə əldə edilən nailiyyətlərin beynəlxalq hərbi akademiyalarda öyrənilməsi elmi-texnoloji potensialın reallığa çevrildiyini göstərir.
O, eyni zamanda qeyd edib ki, müharibə zamanı tətbiq olunan müasir texnologiyalar — xüsusilə pilotsuz uçuş aparatlarının istifadəsi — Azərbaycan hərb elminin yenilikçi yanaşmalarının nəticəsi olub.
Prezident çıxışında xüsusi olaraq qeyd edib ki, elmin nəticələri praktikada tətbiq olunmalı, dövlət qurumları alimlərlə daha sıx əməkdaşlıq etməlidirlər. Elm təkcə nəzəri sahə deyil, iqtisadiyyatın və sənayenin inkişafını birbaşa təmin edən mühərrik rolunu oynamalıdır.
Prezident İlham Əliyev Azərbaycan alimlərini bərpaolunan enerji mənbələrinin inkişafına və geoloji tədqiqatlara fəal qoşulmağa çağırıb.
Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan tarixinin təhriflərinə qarşı elmi mübarizənin gücləndirilməsi ilə bağlı idi. Dövlət başçısı alimləri çağırdı ki, erməni təbliğatına qarşı tarixi sənədlərə və xəritələrə əsaslanan tədqiqatlar aparsınlar.
Çıxışın mühüm hissələrindən biri də Azərbaycan dilinin qorunması və saflığının saxlanması ilə bağlı idi. Prezident İlham Əliyev qeyd etdi ki, dilin saflığı milli kimliyin qorunmasının əsas şərtidir.
O bildirdi ki, Azərbaycan dili çox zəngin və qədim dildir və onu yad kəlmələrin təsirindən qorumaq hər bir vətəndaşın borcudur. Nitqin sonunda Prezident İlham Əliyev yaxınlaşan Zəfər Günü və Bayraq Günü münasibətilə xalqı təbrik edərək vurğulayıb ki, Azərbaycan xalqı Şanlı Zəfəri ilə əbədi fəxr edəcək. Azadlıq meydanında keçiriləcək hərbi parad həm müstəqilliyimizin gücünün, həm də dövlətimizin möhkəm təməllərinin təcəssümüdür.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı elmi inkişafla milli dövlətçilik siyasətinin vəhdətini əks etdirən strateji proqram xarakteri daşıyır. Azərbaycan bu gün elmi potensialını, iqtisadi gücünü və milli ruhunu birləşdirərək yeni inkişaf mərhələsinə qədəm qoyur.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



