
1992-ci ildən etibarən Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, bu qurumun fəaliyyəti heç vaxt gözlənilən nəticəni vermədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək işğalçıya təzyiq göstərmək əvəzinə, əksinə, status-kvonun qorunub saxlanmasına xidmət edən mövqe nümayiş etdirdilər. Uzun illər ərzində danışıqların səmərəsizliyi, beynəlxalq hüququn kağız üzərində qalması münaqişənin uzanmasına, regionda təhlükəsizlik və əməkdaşlıq imkanlarının əngəllənməsinə gətirib çıxardı. Azərbaycan isə bütün bu müddət ərzində beynəlxalq hüquqa sadiq qaldı, sülh prosesinə inamını qorudu və münaqişənin siyasi yolla həllinə ümid etdi.
Lakin otuz ilə yaxın davam edən ədalətsiz status-kvo vəziyyəti göstərdi ki, beynəlxalq təşkilatların fəaliyyətsizliyi və ikili standartlara əsaslanan yanaşmaları münaqişəni dərinləşdirir. 2020-ci ildə Azərbaycan artıq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldı. Ermənistan tərəfi müharibə dövründə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, şəhərlərimizi və kəndlərimizi ballistik raketlər və kasetli mərmilərlə atəşə tutdu, nəticədə yüzdən çox günahsız mülki vətəndaş qətlə yetirildi. Bu fakt bir daha göstərdi ki, işğalçı dövlət regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil, əksinə münaqişəni uzatmaq və yeni təxribatlarla vəziyyəti gərginləşdirmək siyasətini yürüdür.
Azərbaycan isə Vətən müharibəsini beynəlxalq humanitar hüququn tələblərinə uyğun şəkildə apardı. Silahlı Qüvvələrimiz müharibə zamanı mülki şəxslərin təhlükəsizliyini qorumağa xüsusi diqqət yetirdi, qeyri-hərbi infrastruktur obyektlərini hədəfə almadı. 44 günlük müharibə Azərbaycan xalqının və dövlətinin iradəsini, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələri faktiki olaraq həyata keçirildi.
Prezident İlham Əliyevin BMT-dəki son çıxışında da vurğuladığı kimi, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqdir və münaqişənin ədalətli həlli bunun bariz nümunəsidir. Azərbaycan yeni reallıqlar yaratdı və bu reallıqlar bölgədə davamlı sülhün əsasını təşkil edir. Ölkəmiz postmünaqişə dövründə bölgədə əməkdaşlıq və inkişaf gündəliyini irəli sürür, lakin bunun üçün Ermənistanın revanşist ideyalardan əl çəkməsi, sərhədlərin müəyyən olunması və kommunikasiya xətlərinin açılması istiqamətində real addımlar atması vacibdir.
Dövlət başçımızın BMT tribunasından verdiyi mesajlar təkcə Ermənistan üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün mühüm siqnal xarakteri daşıyır. Bu mesajlarda əsas məqam ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn təminatçısıdır, güc tətbiq edərək yox, ədalət və beynəlxalq hüquq əsasında bölgədə sülh və sabitliyi möhkəmləndirmək niyyətindədir. Lakin hər kəs anlamalıdır ki, Azərbaycan heç vaxt təhdidlər və təxribatlar qarşısında susmayacaq, öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcək.
44 günlük Vətən müharibəsi Azərbaycanın güclü dövlət kimi mövqeyini möhkəmləndirdi və beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaratdı. BMT-də çıxış edən Prezident İlham Əliyev bu reallıqları açıq şəkildə ifadə etdi, dünyanın diqqətinə çatdırdı ki, sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması yalnız beynəlxalq hüquqa hörmətlə yanaşmaqla mümkündür. Azərbaycan isə bu istiqamətdə prinsipial mövqeyini davam etdirəcək və bölgədə sabitlik naminə bütün konstruktiv təşəbbüslərə dəstək verəcək.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi