AnalitikaGündəmSiyasət

3 oktyabr xalqımızın yaddaşında Azərbaycan dövlətçiliyinin xilası, sabaha olan inamın rəmzi kimi əbədi yaşayacaq

3 oktyabr 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Həmin gün xalqın iradəsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə yalnız dövlət rəhbərinin dəyişməsi deyil, həm də gənc müstəqil ölkənin gələcək taleyinin müəyyən olunması idi.

1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə ağır sınaqlarla dolu idi. Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında qalmış, ölkə daxilində siyasi böhran və iqtisadi tənəzzül dərinləşmişdi. Hakimiyyətlərarası çəkişmələr, idarəetmədə xaos, xalqın etimadının sarsılması ölkəni fəlakətə aparırdı. Məhz belə çətin bir dövrdə Azərbaycan xalqı öz xilaskarına – Heydər Əliyevə üz tutdu.

3 oktyabr seçkiləri sadəcə siyasi proses deyildi, bu, xalqın ümidsizlikdən çıxış yolu axtarışı, gələcəyinə sahib çıxmaq istəyinin təzahürü idi. Heydər Əliyevin prezident seçilməsi ilə ölkədə sabitlik, güclü dövlət idarəçiliyi və inam mühiti formalaşdı. Onun uzaqgörən siyasəti sayəsində qısa müddətdə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, dövlətçiliyin bünövrəsi möhkəmləndi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə öz sözünü deməyə başladı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi dirçəlişinə yol açıldı, neft strategiyası gələcək nəsillərin rifahını təmin edəcək əsas dayaqlardan birinə çevrildi. Dövlət quruculuğu, hüquqi islahatlar, milli-mənəvi dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın müstəqilliyini daha da gücləndirdi.

3 oktyabr 1993-cü il seçkiləri həm də xalqla liderin vəhdətinin simvolu idi. Bu gün həmin tarixi dönüş nöqtəsinə nəzər saldıqda görürük ki, Heydər Əliyevin hakimiyyətə gəlişi yalnız bir dövrün deyil, bütöv müstəqil Azərbaycanın gələcəyinin xilası oldu.

Ümummilli Liderin qoyduğu möhkəm təməl sayəsində Azərbaycan bu gün regionun aparıcı güclərindən birinə çevrilib. Onun ideyaları, siyasi xətti və dövlətçilik irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
3 oktyabr xalqımızın yaddaşında Azərbaycan dövlətçiliyinin xilası, sabaha olan inamın rəmzi kimi əbədi yaşayacaq.

Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button