
Azərbaycanın müasir tarixinə nəzər salanda elə günlərə rast gəlirik ki, həmin günlər dövlətçiliyimizin qurtuluş anı kimi yaddaşlara həkk olunub. 1993-cü il oktyabrın 3-ü də belə günlərdəndir. Məhz həmin gün xalqımız ümumxalq iradəsi ilə Ulu Öndər Heydər Əliyevi ölkənin prezidenti seçməklə dövlətçiliyimizin xilası, müstəqilliyimizin möhkəmlənməsi yolunda tarixi addım atdı.
O dövrdə Azərbaycan ən ağır sınaqlardan keçirirdi. Siyasi qarşıdurmalar, daxili çəkişmələr, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Belə bir məqamda xalqın seçimi təkcə bir liderin seçilməsi deyildi – bu, dövlətin dağılmaq təhlükəsindən xilas edilməsi idi.
Heydər Əliyev prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəni hərc-mərclikdən xilas etdi, sabitlik yaratdı. Onun qətiyyətli addımları sayəsində qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət institutları möhkəmləndirildi, milli həmrəylik təmin olundu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişaf yolunu müəyyənləşdirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin, insan hüquqlarının və demokratiyanın möhkəm bünövrəsini qoydu.
Ulu Öndərin müəyyənləşdirdiyi Azərbaycançılıq ideologiyası isə dünya azərbaycanlılarını vahid məfkurə ətrafında birləşdirən ümummilli ideyaya çevrildi. Xarici siyasətdə Heydər Əliyevin formalaşdırdığı tarazlı və uzaqgörən kurs Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkəmizi regional liderə çevirdi.
3 oktyabr tarixi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, müstəqilliyimizin əbədi olacağına inamın başlanğıcıdır. Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan sabitlik, inkişaf və güclü dövlətçilik yolu bu gün də yaşayır və Prezident İlham Əliyevin siyasətində uğurla davam etdirilir.
Aytac Məhərrəmli
YAP Nizami rayon təşkilatının məsləhətçisi