AnalitikaGündəmSiyasət

3 oktyabr 1993 – Azərbaycanın xilası və dövlətçiliyin möhkəmlənməsidir

Azərbaycan xalqının müasir dövlətçilik tarixində elə günlər var ki, onlar sadəcə bir tarix olaraq deyil, xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Belə günlərdən biri də 3 oktyabr 1993-cü ildir. Həmin gün Azərbaycan xalqı öz xilaskarını – ümummilli lider Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçimlə xalqımız yalnız bir lideri deyil, həm də sabitliyi, inkişafı və müstəqil dövlətçiliyin gələcəyini seçmiş oldu. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca mürəkkəb və ağır idi. Yeni müstəqillik qazanmış ölkə daxili siyasi böhran, qarşıdurmalar və hakimiyyət çəkişmələri içində idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, minlərlə soydaşımız yurd-yuvasından didərgin düşürdü. Dövlət idarəçiliyində xaos yaranmış, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. İnsanlarda gələcəyə inam sarsılmış, ölkənin müstəqilliyi real təhlükə qarşısında idi. Belə bir dövrdə xalqın ümid yeri yalnız bir insan idi – dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi ilə seçilən Heydər Əliyev. Azərbaycan xalqı yaxşı bilirdi ki, onu bu ağır vəziyyətdən çıxarmaq üçün güclü və təcrübəli lider lazımdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. O, qısa müddətdə ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı, siyasi vəziyyəti nəzarətə götürdü. Azərbaycanın müxtəlif bölgələrində sabitlik bərqərar olunmağa başladı. Bu isə xalqda böyük inam yaratdı ki, Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas edə biləcək yeganə liderdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazandı. Onun Prezident seçilməsi sadəcə siyasi hadisə deyil, həm də Azərbaycan xalqının öz gələcəyinə verdiyi ən düzgün qərar idi. Heydər Əliyevin Prezidentliyi ilə Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Əvvəlcə ölkədə sabitlik bərpa olundu, qanunçuluq və nizam-intizam möhkəmləndi. Dövlət idarəçiliyi peşəkar əsaslara qaldırıldı. Milli ordu quruculuğuna xüsusi önəm verildi və ölkənin müdafiə qabiliyyəti gücləndirildi. Eyni zamanda, xarici siyasətdə balanslı və müdrik kurs müəyyənləşdirildi. Azərbaycan beynəlxalq aləmdə tanınmağa, dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr qurmağa başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və ölkəni beynəlxalq enerji xəritəsində mühüm oyunçuya çevirdi. 3 oktyabr 1993-cü il yalnız bir seçki tarixi deyildi. Bu gün Azərbaycanın müstəqilliyini qoruyan, dövlətçiliyini möhkəmləndirən və gələcək inkişafına yol açan bir tarixdir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dünya birliyində öz mövqeyini möhkəmləndirdi. Bu gün müasir, güclü və müstəqil Azərbaycan dövləti məhz həmin günün – 3 oktyabr 1993-cü ilin üzərində qurulmuş möhkəm təməllər sayəsində mövcuddur. Azərbaycan xalqı bu tarixi günü minnətdarlıqla xatırlayır və ümummilli lider Heydər Əliyevin xidmətlərini daim ehtiramla yad edir. 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan tarixində bir xilasa çevrildi. O gün xalqımız sübut etdi ki, düzgün lider seçimi ilə gələcəyini qorumaq və müstəqilliyini əbədi etmək mümkündür.

İlham Quliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button