
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi zəngin, mürəkkəb və bir o qədər də şərəfli mərhələlərdən keçmişdir. Bu tarixin ən parlaq iki zirvəsi — milli dövlətçiliyimizin təməlinin qoyulduğu 28 May Müstəqillik Günü və torpaqlarımızın azadlığını, milli qürurumuzu bərpa edən 8 Noyabr Zəfər Günüdür. Bu iki tarixi qeyd sadəcə təqvim yarpaqları deyil, Azərbaycanın bir əsrdən artıq dövrü əhatə edən müstəqillik, dirçəliş mübarizəsinin başlanğıcı və yekunudur.
1918-ci ilin mayından 2020-ci ilin noyabrına gedən yol itirilmiş torpaqların, tapdanmış haqların hərbi, siyasi və diplomatik müstəvidə yenidən qazanılmasının möhtəşəm dastanıdır.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Bu hadisə həm İslam dünyasında, həm də bütün Şərqdə ilk demokratik, parlamentli respublikanın qurulması demək idi.
Cəmi 23 ay yaşamasına və 1920-ci il aprelin 28-də bolşevik işğalına məruz qalmasına baxmayaraq, AXC xalqımızın qanına azadlıq və müstəqillik ideyasını birdəfəlik həkk etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və özünü 1918-ci il respublikasının hüquqi varisi elan etdi. Lakin XX əsrin sonlarında müstəqilliyimizin ilk illəri dərin siyasi, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü ilə müşayiət olundu. Ermənistanın xarici havadarlarının köməyi ilə başlatdığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi (Dağlıq Qarabağ və ətraf 7 rayon) işğal edildi. Xocalı soyqırımı kimi bəşəri faciələr yaşandı, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə xaosun qarşısı alındı, atəşkəs imzalandı və güclü dövlət quruculuğu prosesinə start verildi. Bu, gələcək Zəfərin strateji təməli idi.
Heydər Əliyev tərəfindən əsası qoyulan və 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən daxili və xarici siyasət Azərbaycanı regionun lider dövlətinə çevirdi. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi qlobal enerji və nəqliyyat layihələri Azərbaycana böyük maliyyə resursları və beynəlxalq nüfuz qazandırdı. Ölkənin büdcə gəlirlərinin böyük hissəsi ordunun modernləşdirilməsinə, ən müasir silahların (məsələn, PUA-lar, raket sistemləri) alınmasına və yerli hərbi sənayenin qurulmasına yönəldildi. BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələrin qəbul edilməsinə nail olundu. Dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Müstəqillik illərində vətən sevgisi ilə böyüyən, gözüaçıq və cəsur bir gənclik nəsli yetişdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adlı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın hərbi elmdə yeni səhifə açdığı bir dastan oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Murovdağ zirvəsi bir-birinin ardınca işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, sıldırım qayalarla əhatə olunmuş, alınmaz qala hesab edilən Şuşa şəhəri qəhrəman əsgərlərimizin yüngül silahlarla, əlbəyaxa döyüş taktikası ilə azad edildi. Şuşanın azad olunması Ermənistanı təslim olmağa məcbur etdi.
9 noyabrı 10 noyabra keçən gecə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatla müharibə başa çatdı. Ermənistan kapitulyasiya aktına imza ataraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz boşaltmağa məcbur oldu.
28 May Müstəqillik Günü ilə 8 Noyabr Zəfər Günü arasında dərin bir mənəvi və tarixi bağ var. Azərbaycan xalqının 28 Maydan başlayan istiqlal yolu 8 Noyabr Zəfəri ilə özünün ən qüdrətli mərhələsinə qədəm qoyub. Bu gün işğaldan azad edilmiş torpaqlarda – Şuşada, Ağdamda, Füzulidə ucaldılan yeni şəhərlər, çəkilən yollar və “Böyük Qayıdış” proqramı çərçivəsində yurduna dönən insanlar bu zəfərin canlı şahidləridir.
1918-ci ildə qurucularımızın əkdiyi müstəqillik toxumu, 2020-ci ildə şəhidlərimizin qanı və qazilərimizin rəşadəti ilə sarsılmaz bir çinara çevrildi. Müstəqilliyimiz daimi, Zəfərimiz əbədidir!
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı tam orta məktəbin tarix müəllimi



