
27 sentyabr Azərbaycan tarixinə həm hüzn, həm də qürur günü kimi daxil olub. Bu gün Vətən müharibəsinin başladığı gündür. Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaq, ədaləti bərpa etmək üçün ayağa qalxdı.
27 sentyabr 2020-ci il tarixində başlayan müharibə xalqımızın birliyi, igid oğullarımızın qanı, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və ən əsası Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə böyük qələbə ilə başa çatdı.
İllərlə davam edən danışıqlar nəticəsiz qalanda, düşmənin ardıcıl təxribatları davam edəndə Azərbaycan öz suveren hüquqlarını qorumaq üçün haqq savaşına başladı. Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu 27 sentyabrda əks-hücum əməliyyatına keçdi.
Bu gün təkcə hərbi əməliyyatların başlandığı tarix deyil, həm də xalqımızın bir yumruq kimi birləşərək öz torpaqlarını azad etməyə and içdiyi gündür.
Vətən müharibəsi 44 gün davam etdi. Bu günlər ərzində Azərbaycan Ordusu hərbi peşəkarlığı, texniki üstünlüyü və döyüş ruhu ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut kimi strateji bölgələr ard-arda azad edildi.
Ən nəhayət, xalqımızın ürəyində sağalmaz yara kimi qalan Şuşa şəhəri – Qarabağın tacı – igid əsgərlərimizin sinəsi, iradəsi və hünəri sayəsində 8 noyabrda işğaldan azad olundu. Bu qələbə həm Azərbaycan xalqının, həm də onun şanlı ordusunun qəhrəmanlıq simvoluna çevrildi.
Bu qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Onun illərlə davam edən prinsipial siyasəti, güclü ordu quruculuğu, diplomatik fəaliyyətləri və ən əsası xalqla birliyi bu tarixi zəfərin təminatına çevrildi.
Müharibə günlərində xalqın müraciətinə, səsinə, arzularına cavab verən lider obrazı Azərbaycan cəmiyyətini daha da sıx birləşdirdi. İlham Əliyevin dünyaya səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı isə həm diplomatik tribunaların, həm də döyüş meydanlarının rəmzinə çevrildi.
Bu gün Anım Günü qeyd edilərkən hər birimizin qəlbi şəhidlərimizin xatirəsi ilə döyünür. Qələbəni bizə onların qəhrəmanlığı, canı və qanı gətirdi. Onların müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.
Bu qələbə onların bizə əmanətidir və Azərbaycan xalqı bu əmanətə həmişə sahib çıxacaq.
İslam Bafadarov
Yeni azərbaycan Partiyası,Məsləhətçi