Analitika

Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir

Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.

Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi  və nəqliyyat-daşınma logistikanın inkişafına  mühüm töhfə verməkdədir.  Təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayət Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub,  birlik nümayiş etdirərək sevinclərini, kədərlərini bölüşüblər.

Bu yaxın günlərdə tariximizə yeni bir parlaq qələbə səhifəsi yazıldı. 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan separatçıları təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikası həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır. O cümlədən, ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və daha da artacaq.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button