AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər Günü – şəhid ailələrinə və qazilərə ehtiramın ifadəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və sevinc günü olmaqla yanaşı, şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz, qazilərimizin qəhrəmanlığına minnətdarlığımızı bildirdiyimiz müqəddəs tarixdir. Bu Qələbənin arxasında Vətən uğrunda canından keçən minlərlə qəhrəmanın fədakarlığı dayanır. Onların hər biri Azərbaycanın azadlığı və suverenliyi naminə ən böyük qurbanı verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Şəhid ailələrinin mənzil və sosial təminatının yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Bu diqqət dövlətin qəhrəman övladlarına və onların ailələrinə olan ehtiramının göstəricisidir.

Şəhid ailələrinin hər biri Azərbaycan xalqının müqəddəs əmanətini daşıyır. Onların övladları Vətən uğrunda canlarını fəda edərək tarix yazıblar. Qazilərimiz isə müharibənin ağır sınaqlarından keçərək həyatlarını davam etdirir, öz nümunələri ilə cəmiyyətə iradə və mübarizlik aşılayırlar. Onlara göstərilən qayğı yalnız sosial dəstək deyil, həm də milli mənəvi borcumuzdur.

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirə komplekslərinin yaradılması, məktəblərdə və ictimai tədbirlərdə onların qəhrəmanlığının təbliği gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Hər bir şəhidin həyat hekayəsi Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Bu tarix unudulmamalı və daim yaşadılmalıdır.

Zəfər Günü münasibətilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət daha da mənəvi məna kəsb edir. Azad edilmiş torpaqlarda yenidən qurulan həyat, yüksələn bayraqlar və qayıdan ailələr onların fədakarlığının nəticəsidir. Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram güclü, müstəqil və firavan Azərbaycanı qoruyub inkişaf etdirməkdir.

Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button