AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının yaranması: Dövlətçilik tariximizin mühüm mərhələsi

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri kimi xüsusi yer tutur. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi, dövlət müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılan partiya milli dövlətçilik maraqlarının müdafiəsi və Azərbaycanın gələcək inkişafı naminə formalaşmış siyasi iradənin ifadəsi idi.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısının Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etməsi bu prosesin başlanğıcını qoydu. Heydər Əliyev oktyabrın 24-də müraciətə verdiyi cavabda belə bir partiyanın yaradılmasını tarixi zərurət kimi qiymətləndirdi. Nəticədə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən təşəbbüs qrupu Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi üçün hazırlıq işlərinə başladı.

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində keçirilən təsis konfransında 550 nümayəndə iştirak edirdi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla yanaşı, Siyasi Şura, İdarə Heyəti və sədr müavinləri müəyyənləşdirildi.

Yeni Azərbaycan Partiyasının yaranması yalnız yeni siyasi təşkilatın meydana gəlməsi deyil, həm də cəmiyyətdə sabitlik, milli birlik və güclü dövlətçilik ideyalarının möhkəmlənməsi istiqamətində atılmış mühüm addım idi. Partiyanın fəaliyyətində müstəqilliyin qorunması, azərbaycançılıq, qanunun aliliyi, sosial ədalət və demokratik inkişaf əsas prinsiplər kimi müəyyənləşdirildi.

Sonrakı illərdə Heydər Əliyevin rəhbərliyi ilə YAP ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi. Bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpası ölkənin inkişaf strategiyasının mühüm nəticələridir.

Bu gün Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi milli siyasi iradənin, dövlətə sədaqətin və tarixi məsuliyyətin rəmzi kimi dəyərləndirilir. 21 noyabr 1992-ci il Azərbaycan dövlətçilik tarixində xalqın gələcəyə inamını gücləndirən əlamətdar gün olaraq öz əhəmiyyətini qoruyur.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button