AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti milli birliyin təntənəsidir

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması mühüm hadisələrdən biri hesab olunur. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən partiya ölkənin mürəkkəb siyasi vəziyyətində xalqın birləşmək və güclü dövlət qurmaq istəyinin ifadəsi idi. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ciddi təhlükələrlə üzləşir, siyasi qeyri-sabitlik və iqtisadi çətinliklər cəmiyyətin gələcəyinə təsir göstərirdi. Belə şəraitdə xalqın inandığı siyasi liderin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi.

Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev öz siyasi təcrübəsi və xalq arasında böyük nüfuzu ilə müxtəlif ictimai-siyasi qüvvələri vahid məqsəd ətrafında birləşdirdi. Partiyanın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, milli maraqları müdafiə etmək və ölkədə sabit inkişaf üçün siyasi zəmin yaratmaq idi. Bu ideyalar qısa müddətdə cəmiyyətin geniş təbəqələri tərəfindən dəstəkləndi.

Partiyanın fəaliyyətinin mühüm istiqamətlərindən biri milli həmrəyliyin möhkəmləndirilməsi olub. Azərbaycan xalqının tarixən formalaşmış birlik və həmrəylik ənənələri dövlət quruculuğu prosesində xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası bu dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və cəmiyyətin ictimai-siyasi fəallığının artırılmasına diqqət yetirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar milli birliyin və ardıcıl dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir. İqtisadi inkişaf, sosial rifahın yüksəldilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və müdafiə potensialının artırılması ölkəmizin qüdrətini daha da gücləndirib. Vətən müharibəsində əldə edilən tarixi Qələbə isə xalqımızın birlik nümayişinin ən parlaq nümunəsinə çevrilib.

Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi milli birliyin, dövlətçilik ənənələrinin və siyasi varisliyin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu gün Azərbaycan öz suverenliyini təmin etmiş, regionda söz sahibi olan və beynəlxalq aləmdə nüfuzu artan dövlətdir. Bu inkişaf yolunda milli həmrəyliyin qorunması və dövlətçilik maraqlarının hər şeydən üstün tutulması xüsusi əhəmiyyət daşıyır.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button