Gündəm

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində martın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə partiyanın Xətai və Nizami rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.

Victorytime.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. O qeyd edib ki, müstəqil dövlətimizin müasir tarixi fenomenal şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonunun Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunduğunu deyən V.Rəhimzadənin sözlərinə görə, həmin dövrdə baş verən hadisələr, xalqın və dövlətin xilas edilməsi zərurəti ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirib. Təşkilat sədri deyib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinə, eləcə də Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasında Heydər Əliyev siyasətinin müstəsna roluna geniş nəzər salınması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümummilli Liderin şah əsəri olan müasir Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərin şahidi olmayan gənc nəsil bilməlidir ki, nəyin bahasına azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Bu baxımdan, YAP Veteranlar Şurasının üzvlərinin fikirləri, onların Heydər Əliyev siyasətinin ayrı-ayrı aspektləri haqqında düşüncələri gənclər üçün önəmlidir.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.

A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”.

YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən A.Cahangirovun sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Ulu Öndərin təhsil siyasətindən bəhs edib, bu siyasətin respublikamızın inkişafına verdiyi töhfələri vurğulayıb. A.Cahangirov gənclərə hər zaman yüksək bilik və bacarıqlara yiyələnməyi tövsiyə edib.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən neqativ hallara qarşı qətiyyətli mübarizə aparıb: “Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətində ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsarət, fədakarlıq, qətiyyət, humanizm, mərhəmət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissləridir”.

Ulu öndərin xilaskarlıq missiyasından ətraflı bəhs edən X.Qoca qeyd edib ki, Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq. O, gənclərə Heydər Əliyevin zəngin irsini öyrənməyi, hər zaman doğru yolla getməyi və mübariz olmağı tövsiyə edib.

Daha sonra görüş diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.

Oxşar Xəbərlər

Back to top button