Analitika

Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib, qisasını almış xalq olaraq anırıq

“Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 32 il ərzində Azərbaycan xalqı və dövləti nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı, unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi və nəticədə dünyanın 17 ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 30-dək ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıdı. Bununla da, bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqımız Xocalı soyqırımını unutmadı və qisasını aldı”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

“Ötən illər ərzində Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib” – deyən Ramil Vəlibəyov bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır: “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Bütün dünyaya çatdırılır ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.

Ramil Vəlibəyov bildirib ki, artıq 4-cü ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib, qisasını almış xalq olaraq anırıq: “Heç kəsə sirr deyil ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Soyqırımının 32-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin dediyi sözlər bir daha yada düşür. Prezident İlham Əliyev bildirirdi ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Məhz, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı”.

Oxşar Xəbərlər

Back to top button