
27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm kədər, həm də qürur günü kimi qalır. Bu tarix bizə yalnız Vətən müharibəsinin başlanğıcını deyil, eyni zamanda millətin birlik gücünü, şəhidlərimizin əbədiyyətə qovuşaraq ucaltdığı qəhrəmanlıq dastanını xatırladır. İllərlə işğal altında qalan torpaqlarımız xalqımızın ürəyində ağır bir yük idi. Məcburi köçkünlərin doğma yurd həsrəti, dağıdılmış şəhərlər, yandırılmış kəndlər, xüsusilə Xocalıda törədilən faciə uzun illər ədalətin bərpa olunacağı günü gözlətdi. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bu ədalətsizliyə son qoydu.
44 gün davam edən müharibə Azərbaycan tarixinə qanla yazıldı. Hər gün, hər saat cəbhədən gələn xəbərlər bütün xalqı bir ürək kimi döyündürürdü. Minlərlə oğul və qız Vətən yolunda canından keçdi. Şəhidlərimizin hər biri azadlığımızın simvoluna çevrildi. Onların məzarları yalnız kədər yeri deyil, həm də millətin qürur mənbəyidir. Hər dəfə şəhid adı çəkiləndə gözlərimiz yaşarır, amma sinəmiz də ucalır, çünki bilirik ki, onların qəhrəmanlığı sayəsində Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımızda dalğalanır.
27 Sentyabr təkcə hüzn günü deyil. O, həm də xalqımızın birliyinin və əzminin zirvəyə qalxdığı tarixdir. Müharibənin başladığı gündən hər kəs öz sahəsində döyüşün bir parçasına çevrildi. Cəbhədə vuruşan əsgərlərimiz, arxada onları dəstəkləyən xalq, informasiya cəbhəsində haqq səsini dünyaya çatdıran gənclər – hamı eyni amal uğrunda birləşdi. Bu birlik qələbəni yaxınlaşdırdı və Azərbaycanı tarixində ilk dəfə qalib millət kimi dünyaya tanıtdı.
Bu gün biz şəhidlərimizin ruhuna dua edir, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. Amma eyni zamanda onların başladığı yolu davam etdirmək məsuliyyətini də daşıyırıq. Vətənə sahib çıxmaq, torpaqları qorumaq yalnız əsgərin deyil, hər bir vətəndaşın borcudur. Təhsil alan gəncin biliyi, işləyən insanın əməli, yazan qələm sahibinin sözü – hamısı bu borcun davamıdır.
27 Sentyabr həm hüzn, həm də qürur tarixidir. Bizim üçün bu gün yaddaşların silinməz səhifəsidir və hər dəfə xatırladıqca həm şəhidlərimizin ruhu önündə boynumuz bükülür, həm də azad torpaqlarımızda ucalan bayrağa baxaraq qürur duyuruq. Bu tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə həm qəhrəmanlıq, həm də birlik dərsi olacaq.
Rəna Süleymanlı
Yeni Azərbaycan Partiyası, məsləhətçi