
27 sentyabr Azərbaycan xalqının yaddaşında həm kədər, həm də qürur günü kimi yaşayır. 2020-ci ildə məhz bu gün Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və 44 gün davam edən Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi səfərbər oldu, Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Şuşanın azad olunması ilə düşmən diz çökdü və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi.
Bu zəfər bizə şəhidlərimizin qanı, minlərlə qazimizin igidliyi hesabına nəsib oldu. Onların qəhrəmanlığı xalqımızın yaddaşına əbədi yazıldı. Prezident İlham Əliyevin dediyi kimi: “Biz şəhidlərimizin qanını aldıq! Onların qəhrəmanlığı dastana çevrilib.” Bu gün hər bir azərbaycanlı qürurla söyləyir ki, Qarabağ Azərbaycandır.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu gün bütün şəhidlərin müqəddəs xatirəsinə ehtiramın rəmzi, xalqımızın birliyinin və qətiyyətinin təcəssümüdür. Azərbaycan dövləti şəhid ailələri və qazilərə hər zaman xüsusi qayğı göstərir. “YAŞAT” Fondu vasitəsilə onların sosial təminatı, müalicəsi və ehtiyaclarının qarşılanması daim diqqət mərkəzində saxlanılır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər gətirilmiş, şəhid ailələri və qazilər mənzil və sosial dəstək proqramları ilə əhatə olunmuşdur.
Qələbənin əbədiləşdirilməsi üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər parkı inşa edilib. Bu abidələr gələcək nəsillərə qəhrəmanlıq dastanını xatırladacaq, xalqımızın igid oğullarının fədakarlığını daim yaşadacaq. 27 sentyabr Anım Günü xalqımıza bir daha xatırladır ki, bu torpaqlar uğrunda canından keçən qəhrəmanların ruhu daim yaşayacaq. Onların fədakarlığı sayəsində Azərbaycan qalib ölkə, xalqımız isə müzəffər xalq kimi tarixə yazıldı. Bu gün şəhidlərin xatirəsinə baş əyir, qazilərimizin igidliyinə ehtiram göstərir və qürurla deyirik: Qarabağ Azərbaycandır!
Rəşadət Xalıqov
YAP Nizami rayon təşkilatının sədr müavini