AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin diplomatik fəaliyyəti Azərbaycanın MDB-də mövqelərini daha da gücləndirir

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Dövlət başçısının nitqində qarşılıqlı hörmət, əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ilə bağlı dəyərli fikirlər səsləndirildi. Prezidentin səmimi və prinsipial mövqeyi Azərbaycan ilə Tacikistan arasında münasibətlərin etibarlı əsaslar üzərində qurulduğunu bir daha göstərdi.

Azərbaycan və Tacikistan arasındakı əlaqələr qarşılıqlı inam, dostluq və ortaq maraqlara söykənir. Tarixi və mədəni yaxınlıq, eləcə də xalqlarımızı birləşdirən dəyərlər bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə görə minnətdarlığını bildirdi. Dövlət başçısı qeyd etdi ki, uzun illər işğal altında qalmış Laçın azad olunduqdan sonra qısa zamanda yenidən qurulub və bu gün müasir, abad və yaşamaq üçün cəlbedici şəhərə çevrilib. Bu nailiyyət Azərbaycan xalqının quruculuq əzmini və azad edilmiş torpaqlara bağlılığını əks etdirir.

Prezidentin diqqət yönəltdiyi mühüm məsələlərdən biri də 28 sentyabrdan 8 oktyabra qədər Gəncə şəhəri və digər bölgələrdə keçirilmiş III MDB Oyunları idi. Yarışlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı Azərbaycanın idman sahəsindəki uğurlarını və MDB ölkələri arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfəni nümayiş etdirdi.

Düşənbədəki çıxışı ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan regional sabitliyin, qarşılıqlı əməkdaşlığın və inkişafın fəal tərəfdarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz MDB məkanında etibarlı tərəfdaş, nüfuzlu və sülhsevər dövlət kimi mövqeyini daha da gücləndirir.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button