AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Serbiyanın təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi baxımdan uğurla inkişaf etdiyini, yardım almadan irəlilədiyini xüsusi vurğuladı

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Serbiya münasibətlərinin mahiyyətini, strateji tərəfdaşlıq ruhunu və qarşılıqlı etimada əsaslanan siyasi dialoqu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı təkcə diplomatik jest deyil, həm də iki ölkə arasında formalaşmış uzunmüddətli əməkdaşlıq xəttinin ardıcıl və prinsipial şəkildə davam etdirilməsinin bariz ifadəsi idi.Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Serbiya arasında təmaslar uzun illərdir davam edir, tərəflər bir-birini yaxından tanıyır, səmimi söhbətlər aparır və dostluq münasibətlərinə malikdir. Bu fikirlər iki ölkə rəhbərləri arasında şəxsi etimadın və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu göstərir. Müasir beynəlxalq münasibətlər sistemində liderlər arasında formalaşmış şəxsi münasibətlər dövlətlərarası əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Məhz İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycan müxtəlif region ölkələri ilə, o cümlədən Balkan məkanı ilə sıx əlaqələr qurmağa nail olub.

Dövlət başçısı çıxışında Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etdi. Bu vurğu təsadüfi deyil. Azərbaycan da öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və dövlətçiliyini möhkəmləndirmək uğrunda çətin sınaqlardan keçmiş bir ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe sərgiləmiş, milli maraqları qətiyyətlə müdafiə etmişdir. Bu baxımdan Bakı ilə Belqrad arasında qarşılıqlı anlayış və dəstək mühiti formalaşıb.İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini yüksək qiymətləndirərək onun dövlət maraqlarını hər şeydən üstün tutduğunu vurğuladı. Bu yanaşma Azərbaycan Prezidentinin öz siyasi fəlsəfəsi ilə də səsləşir. Dövlət maraqlarının prioritet elan edilməsi, milli suverenliyin qorunması və müstəqil siyasət kursunun həyata keçirilməsi İlham Əliyevin rəhbərliyinin əsas sütunlarını təşkil edir. Məhz bu prinsipial mövqe sayəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır, regional və qlobal layihələrdə fəal iştirak edir.

Prezident İlham Əliyev Serbiyanın təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi baxımdan uğurla inkişaf etdiyini, öz gücünə arxalandığını və heç bir yerdən yardım almadan irəlilədiyini xüsusi vurğuladı. Bu fikirlər əslində müstəqil iqtisadi modelin və güclü siyasi iradənin əhəmiyyətinə diqqət çəkir. Azərbaycanın da son illərdə həyata keçirdiyi iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin strateji baxışının nəticəsidir. O, iqtisadi müstəqilliyi siyasi müstəqilliyin əsas dayaqlarından biri kimi qiymətləndirir.Səfər çərçivəsində verilən bəyanat iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin daha da güclənəcəyini göstərir. Prezident İlham Əliyevin praqmatik və çoxşaxəli xarici siyasəti Azərbaycanın coğrafi sərhədlərindən kənarda da mövqelərini möhkəmləndirir. Balkan regionu ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin Avropa məkanında tərəfdaşlıq şəbəkəsini genişləndirir və yeni iqtisadi imkanlar yaradır.

Nəticə etibarilə, fevralın 15-də Serbiyaya səfər zamanı səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin dövlət maraqlarını əsas tutan, qarşılıqlı hörmətə və suverenliyə söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu artırır, dost və tərəfdaş ölkələrlə əlaqələri daha da möhkəmləndirir. Bu səfər və verilən bəyanat da məhz həmin uğurlu siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button