
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının inzibati binasında “Korrupsiyaya qarşı mübarizə və şəffaf idarəçilik: dövlət proqramının hədəfləri və ictimai nəzarətin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, açılış nitqi ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, korrupsiyaya qarşı mübarizə və şəffaf idarəçilik dövlət siyasətinin mühüm istiqamətlərindəndir. O, bu sahədə ictimaiyyətin fəal iştirakının, vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Bəhman Hüseynov və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev mövzu ətrafında geniş çıxış ediblər.
Çıxışlarda korrupsiyanın cəmiyyətin inkişafına mənfi təsirləri, onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, qanunun aliliyi və vətəndaş məsuliyyətinin artırılması məsələlərinə toxunulub. Qeyd edilib ki, korrupsiyaya qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Bu istiqamətdə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və vətəndaşların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Tədbirin davamında mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələrdə Nizami Bələdiyyəsi sədrinin müavini Heydər Rəhimov, Keşlə Bələdiyyəsi sədrinin müavini İradə Həsənova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizami rayon komitəsinin sədri Sübut Əsədov, Azərbaycan Rus İcması sədrinin müavini Vitali Kovalyov, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin rəhbəri Xəqani Səfərov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin rəhbəri Məhi Mehtiyev, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova, Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyinin sədri Vüsalə Əliyeva və Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Tədbirin sonunda korrupsiyaya qarşı mübarizənin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin, şəffaf idarəçilik prinsiplərinin gündəlik fəaliyyətin əsas meyarına çevrilməsinin, eləcə də dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.




