
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri bir daha göstərdi ki, Azərbaycanın bu qədim və strateji bölgəsinin qarşısında yeni inkişaf mərhələsi açılır.
Səfərin diqqət çəkən xüsusiyyətlərindən biri onun müxtəlif istiqamətləri özündə birləşdirməsidir. Burada tarixi-mədəni irsin qorunması ilə müasir infrastrukturun qurulması, iqtisadi inkişafla enerji təhlükəsizliyi, sosial layihələrlə hərbi potensialın gücləndirilməsi vahid yanaşmanın tərkib hissəsi kimi görünür. Möminə xatun türbəsində aparılan bərpa işləri bu baxımdan xüsusi məna daşıyır. XII əsr Azərbaycan memarlığının möhtəşəm nümunələrindən olan bu abidənin qorunması yalnız tarixi irsimizə münasibət deyil, həm də milli kimliyimizin və dövlətçilik yaddaşımızın gələcək nəsillərə ötürülməsidir.
Amma Naxçıvanın gələcəyi yalnız onun zəngin tarixi ilə ölçülmür. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın əsas ərazisi ilə gələcək nəqliyyat bağlantılarının genişlənməsi və regionda mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində qərar tutması bu əraziyə xüsusi geosiyasi və iqtisadi əhəmiyyət qazandırır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə və onun regional logistika sistemində rolunun artmasına imkan yarada bilər. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən Naxçıvan gələcəkdə təkcə tranzit ərazi deyil, nəqliyyat, logistika, ticarət və investisiya mərkəzlərindən biri olmaq üçün böyük potensiala malikdir.
Digər mühüm istiqamət enerjidir. Yeni enerji layihələri Naxçıvanın enerji təminatının daha da gücləndirilməsi ilə yanaşı, gələcəkdə bu bölgənin enerji istehsalında və regional enerji əməkdaşlığında rolunun artmasına şərait yarada bilər. Sənayenin inkişafı, yeni investisiyaların cəlb olunması, sosial infrastrukturun yenilənməsi və turizm imkanlarının genişləndirilməsi isə Naxçıvan iqtisadiyyatının daha çoxşaxəli inkişafına zəmin yaradır.
Bütün bunlarla yanaşı, Naxçıvanın təhlükəsizliyinin və müdafiə imkanlarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki strateji coğrafi mövqeyə malik olan bir bölgənin inkişafı ilk növbədə sabitlik və təhlükəsizlik üzərində qurulmalıdır.
Məncə, səfərin ən mühüm mesajlarından biri də budur: Naxçıvanın gələcəyi yalnız bugünkü problemlərin həlli çərçivəsində deyil, uzunmüddətli perspektivdə nəzərdən keçirilir. 2044-cü ilə qədər inkişaf perspektivlərinin müəyyənləşdirilməsi bu yanaşmanın miqyasını göstərir. Məqsəd yalnız bu günü idarə etmək deyil, gələcək nəsillər üçün daha güclü və müasir Naxçıvan formalaşdırmaqdır. Bir tərəfdə Möminə xatun türbəsi kimi minilliklərə söykənən tarix, digər tərəfdə müasir yollar, dəmir yolu, enerji infrastrukturu, sənaye və logistika layihələri…
Naxçıvan Azərbaycan üçün sadəcə coğrafi məkan deyil. O, milli dövlətçilik tariximizin mühüm beşiklərindən biri, ölkəmizin geosiyasi dayaqlarından biri və gələcək regional əməkdaşlıq imkanlarının əsas ünvanlarından biridir. Bu gün Naxçıvanda baş verən dəyişikliklərə yalnız ayrı-ayrı layihələr kimi deyil, daha böyük bir mənzərənin hissələri kimi baxmaq lazımdır.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 53” ərazi partiya təşkilatının sədri



