AnalitikaGündəm

Milli mətbuatımız milli dəyər, milli nümunə kimi varlığını qoruyub saxladı

Təbiidir ki, o dövrün mətbuatı daha çox siyasi, ideoloji mətbuat idi. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də, elə Sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı. O dövrü xarakterizə edərkən hesab edirik ki, II Dünya müharibəsindən sonrakı və müharibə illərini xüsusi qeyd etmək lazımdır. Çünki bu dövrlərdə artıq hər nə qədər Sovet vətənpərvərliyi olsa belə, Azərbaycan mətbuatı daha çox ideoloji rupor olsa belə, “kolxoz zəhmətkeşləri”ni tərənnüm etsə belə, bunun özündə də dərin bir məzmun var idi. Çünki o illərdə bütün dünyanı xofa salan alman faşizmi baş qaldırmışdı. Azərbaycan xalqı da digər SSRİ, Avropa xalqları, dünyanın, demək olar ki, bütün xalqları ilə çiyin-çiyinə verərək məhz bu aqressiyaya qarşı mübarizə aparırdı. Azərbaycan mətbuatı da öz platformasında bu istiqamətdə çox dəyərli işlər görməyi bacardı. Amma hesab edirik ki, Sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili Ulu öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də, məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button