AnalitikaDünyaGündəmSiyasət

Milli Mətbuatımız – 150 illik inkişaf yolunun parlaq salnaməsi

Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın milli özünüdərkinin, maarifçilik tarixinin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamış Azərbaycan mətbuatının keçdiyi şərəfli yolun təntənəsidir. 2025-ci ildə milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması isə bu tarixi irsin xalqımız və dövlətimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyuldu. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” milli mətbuat tariximizin təməl daşı oldu. Qəzet cəmiyyətin maariflənməsinə, ana dilinin inkişafına, milli düşüncənin formalaşmasına, elm və təhsilin təbliğinə xidmət edərək gələcək jurnalistika məktəbinin əsasını yaratdı.

“Əkinçi”dən sonra nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet və jurnallar xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynadı. Bu nəşrlər milli ideyaların yayılmasına, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə, milli-mədəni dəyərlərin qorunmasına və müstəqillik düşüncəsinin formalaşmasına əhəmiyyətli töhfələr verdi.

Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixini xalqımızın azadlıq və müstəqillik mübarizəsinin ayrılmaz hissəsi kimi dəyərləndirərək deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. ‘Əkinçi’dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikir Azərbaycan mətbuatının təkcə informasiya vasitəsi deyil, həm də milli düşüncənin və dövlətçilik ideyalarının daşıyıcısı olduğunu aydın şəkildə ifadə edir. Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən müasir hüquqi baza yaradıldı. Xüsusilə 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində tarixi qərar oldu və jurnalistikanın daha sərbəst fəaliyyətinə geniş imkanlar yaratdı.

Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafına dair mühüm konsepsiyalar qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, Medianın İnkişafı Agentliyi yaradılmış, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək bildirir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə mətbuat qərəzsiz olmalı, çevik və operativ fəaliyyət göstərməli, insanları dolğun məlumatlarla təmin etməlidir.” Bu yanaşma müasir Azərbaycan mediasının əsas fəaliyyət prinsiplərini müəyyənləşdirir.

Son illərdə qəbul edilmiş “Media haqqında” Qanun, Medianın İnkişafı Agentliyinin fəaliyyəti, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkədə sağlam media mühitinin formalaşdırılmasına xidmət edir. Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan mediası da yeni texnologiyaları tətbiq edərək qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycan jurnalistikası Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində dövlətimizin mövqeyini beynəlxalq ictimaiyyətə çatdıraraq dezinformasiyaya qarşı prinsipial mübarizə apardılar. Müharibədən sonrakı dövrdə isə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, eləcə də Azərbaycanın sülh təşəbbüslərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamaqdadırlar.

Şuşada keçirilən Qlobal Media Forumları artıq beynəlxalq media əməkdaşlığının mühüm platformasına çevrilmişdir. Bu forumlarda dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövründə jurnalistikanın gələcəyi, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi kimi aktual məsələlər geniş müzakirə olunur. Bu təşəbbüslər Azərbaycanın qlobal media dialoqunda fəal iştirakını və nüfuzunu daha da artırır.

Bu gün Azərbaycan mediası ölkəmizin milli maraqlarının müdafiəsində, cəmiyyətin obyektiv məlumatlandırılmasında, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində və dövlətçilik dəyərlərinin təbliğində mühüm missiya yerinə yetirir. Müasir çağırışlar jurnalistlərdən daha yüksək peşəkarlıq, obyektivlik, operativlik və məsuliyyət tələb edir. Xüsusilə sosial media və süni intellekt dövründə doğru informasiyanın qorunması, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması strateji əhəmiyyət kəsb edir.

Milli mətbuatımız 150 illik zəngin tarixi ərzində bütün sınaqlardan şərəflə çıxaraq xalqımızın maariflənməsinə, milli şüurun formalaşmasına, dövlətçiliyimizin möhkəmlənməsinə və müstəqilliyimizin qorunmasına misilsiz töhfələr vermişdir. “Əkinçi” ilə başlanan bu müqəddəs yol bu gün müasir texnologiyalarla zənginləşmiş, beynəlxalq informasiya məkanında söz sahibi olan Azərbaycan mediası tərəfindən uğurla davam etdirilir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində obyektivlik, qərəzsizlik, yüksək vətənpərvərlik ruhu və yeni uğurlar arzulayırıq. Azərbaycan mediasının qarşıdakı illərdə də milli maraqlarımızın müdafiəsində, cəmiyyətimizin inkişafında və dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsində mühüm rol oynayacağına əminlik ifadə edirik.

Elvin Ehtiramlı,
Neft Kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button