
20 Sentyabr Azərbaycan dövlətçiliyi tarixində yalnız təqvimə daxil edilmiş əlamətdar gün deyil, dövlət suverenliyinin ölkənin bütün ərazisində bərpasını ifadə edən mühüm tarixi mərhələdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib. Eyni zamanda, həmin tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyənləşdirilib. Bu yanaşma 20 Sentyabrın həm dövlətçilik, həm də Qarabağın şəhər həyatının yenidən qurulması baxımından xüsusi məna daşıdığını göstərir.
Bu gün suverenlik anlayışı Qarabağ şəhərlərinin simasında daha konkret görünür. Dövlət bayrağının ucaldığı məkanlarda artıq yalnız tarixi hadisələrdən danışılmır; yeni yolların, yaşayış binalarının, sosial obyektlərin, mühəndis-kommunikasiya xətlərinin və ictimai məkanların yaradılması ilə real həyat bərpa olunur. Beləliklə, suverenliyin siyasi-hüquqi məzmunu gündəlik həyatın sosial və iqtisadi reallıqları ilə tamamlanır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu baxımdan dövlətçiliklə şəhərsalmanın bir-birini tamamladığı yeni mərhələnin nümunələridir.
Xankəndidə nəqliyyat və ictimai infrastrukturun qurulması bu prosesin mühüm istiqamətlərindəndir. 2025-ci ilin iyulunda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Ağdam–Xankəndi dəmir yolu xəttinin 28 kilometr uzunluğunda olması, xətt boyunca Əsgəran və Xocalı stansiyalarının, həmçinin Xankəndidə müasir dəmir yolu və avtovağzal kompleksinin nəzərdə tutulması Qarabağın nəqliyyat sisteminin yenidən formalaşdırıldığını göstərir.
Beləliklə, 20 Sentyabrın şəhərlərdə görünən üzü yalnız bayraq deyil, bayrağın altında qurulan həyatdır. Suverenlik torpağın hüquqi statusu ilə yanaşı, həmin torpaqda insanların təhlükəsiz yaşaması, işləməsi, təhsil alması və gələcək qurması üçün şəraitin yaradılması ilə tamamlanır. Qarabağın yeni şəhər mənzərəsi də məhz bu məzmunu — dövlət suverenliyindən davamlı və dayanıqlı həyata keçidi ifadə edir.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



