GündəmMaraqlıSosial

Lənkəranda “Olimpiya Hərəkatı Vikipediyada” layihəsi çərçivəsində Vikipediya təlimləri keçirilib

14-15 dekabr tarixlərində Lənkəran Gənclər Evində “Olimpiya Hərəkatı Vikipediyada” layihəsi çərçivəsində gənclər üçün nəzəri və praktiki hissələri əhatə edən Vikipediya təlimləri təşkil olunub. Təlimlər Lənkəran-Astara Regional İdman İdarəsi və Lənkəran Gənclər Evinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib.

Victorytime.az xəbər verir ki, tədbirdə İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzinin sədri Saleh Bağırov, Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Lənkəran-Astara Regional İdman İdarəsinin rəis müavini Könül Manafova, layihə rəhbəri, Azərbaycandilli Vikipediyanın patrulu Aida Aslanova və inzibatçısı Emin Allahverdi həmçinin, Lənkəran-Astara Regional İdman İdarəsinin əməkdaşı Humay Haşımli, Sosial Xidmət Müəssisəsinin əməkdaşı İbrahim Əlizadə və bir çox gənc layihədə fəal iştirak ediblər.

İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzinin sədri Saleh Bağırov tədbirdə çıxış edərək gəncləri salamlayıb və onların bu layihədə iştirakını yüksək qiymətləndirib. O, gənclərin Lənkəranın gələcəyində mühüm rol oynayacağını vurğulayaraq, onların bilik və bacarıqlarını inkişaf etdirmələri üçün belə tədbirlərin əhəmiyyətini qeyd edib. Saleh Bağırov çıxışında təlimin həyata keçirilməsinə dəstək göstərən Lənkəran-Astara Regional İdman İdarəsinin rəisi Teymur Babazadəyə təşəkkür edib və rəis müavini Könül Manafovaya göstərdiyi xüsusi diqqət və dəstəyə görə minnətdarlığını bildirərək,  təşəkkürnamə təqdim edib. Çıxışını yekunlaşdıraraq, Saleh Bağırov gəncləri fəal olmağa, öyrəndiklərini tətbiq etməyə və Vikipediyada biliklərini bölüşərək Azərbaycanı daha yaxşı təmsil etməyə çağırıb.

Könül Manafova öz çıxışında Vikipediyanın müasir dünyada informasiya resursu kimi əhəmiyyətini vurğulayıb və gənclərin bu sahədə fəallığını yüksək qiymətləndirib və bu təlimlərin gənclərin həm şəxsi inkişafına, həm də Lənkəranın və Azərbaycanın rəqəmsal dünyadakı görünüşünün güclənməsinə töhfə verən uğurlu bir addım olaraq qiymətləndirdiyini vurğulayıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov çıxış edərək layihənin təşkili və məqsədləri haqqında fikirlərini bölüşüb. O, gənclərin bu kimi təlimlərdə iştirakının bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Elşən Qəhrəmanov qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda gənclərin rəqəmsal bacarıqlara yiyələnməsi vacibdir. O bildirib ki, Vikipediya kimi qlobal platformalarda aktiv iştirak Azərbaycan haqqında düzgün və keyfiyyətli məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün mühüm vasitədir.

Layihənin rəhbəri Aida Aslanova təlim zamanı iştirakçılara Vikipediyanın yaranma tarixi və onun dünya üzrə əhəmiyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Vikipediya yalnız bilik əldə etmək üçün platforma deyil, həm də istifadəçilərin biliklərini paylaşa biləcəyi və yeni məzmun yarada biləcəyi bir cəmiyyətdir. Aida Aslanova Vikipediyanın “hər kəs üçün açıq bilik” prinsipinə əsaslandığını izah edərək, onun qlobal səviyyədə necə ictimaiyyətin bilik qaynağına çevrildiyini diqqətə çatdırıb. O bildirib ki, hazırda Vikipediyada yüz minlərlə könüllü müxtəlif dillərdə məqalələr yaradır, redaktə edir. Məqalə yaratma və redaktə prinsiplərinə toxunan Aida Aslanova, gənclərə məqalələrin Vikipediyada necə yerləşdirilməsi, redaktə qaydalarını, mənbələrin etibarlılığı və neytrallıq siyasəti haqqında ətraflı məlumat verib və gənclərin bu platformada fəallıq göstərməsinin vacibliyini vurğulayıb.

Vikipediyanın inzibatçısı Emin Allahverdi təlim zamanı iştirakçılara Vikipediyaya aid digər mühüm platformalar – Vikidata (verilənlər bazası) və Commons (Viki Anbar)  haqqında geniş məlumat verib. O, bu alətlərin Vikipediyada məzmun yaradılmasında və idarə edilməsində necə mühüm rol oynadığını vurğulayıb.

Praktiki məşğələlərdə iştirakçılar yeni məqalələr yaradıb və şəkillər yükləyərək öyrəndiklərini tətbiq ediblər. Təlimlər gənclərin biliklərini artırmaqla yanaşı, onların Vikipediyaya töhfə vermə potensialını gücləndirmək məqsədini daşıyıb.

Təlimlərin sonunda iştirakçılara Saleh Bağırov tərəfindən sertifikatlar təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button